Yuxarı

Səfir: "SOCAR Bolqarıstan neft bazarında potensial imkanları nəzərdən keçirir"

Şirkət Cənub-Şərqi Avropanın pərakəndə bazarına daxil olmaq üçün texniki və ticari imkanları öyrənir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan neft bazarında potensial imkanları nəzərdən keçirir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “Novinite” saytına müsahibəsində bildirib.

Səfir qeyd edib ki, SOCAR Cənub-Şərqi Avropanın pərakəndə bazarına daxil olmaq üçün texniki və ticari imkanları öyrənir. “Eyni zamanda, SOCAR Bolqarıstan neft bazarında potensial imkanları nəzərdən keçirir. Amma hələ heç bir kommersiya qərarı qəbul olunmayıb. Biz Bolqarıstan neft bazarında uzunmüddətli perspektivdə mümkün iştirakı müzakirə edə bilərik, halbuki, hazırkı mərhələdə əsas prioritetlərimiz Balkan regionunda qaz nəqli və interkonnektor layihələri və texniki xidmətlər, məsləhət təmin etməkdir. Qeyd etməliyəm ki, “SOCAR Balkans” şirkəti İon-Adriatik boru kəməri layihəsinin texniki məsləhətçisidir”, - deyə səfir xatırladıb.

O həmçinin qeyd edib ki, SOCAR Albaniya və Monteneqronun qazlaşdırma planlarına dəstək verir, eyni zamanda “Çiren” yeraltı qaz anbarı layihəsinin genişləndirilməsində 3D seysmik xidmətlər üçün tenderdə iştirak etmək istəyir.

Səfir Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq bildirib ki, son illər Azərbaycan və Bolqarıstan Xəzər qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi üzrə sıx əməkdaşlıq edib. N.Qurbanova xatırladıb ki, bu layihə çərçivəsində Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın illik 1 mlrd. kubmetri Bolqarıstana çatdırılacaq: “Bu həcmin Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria-IGB) vasitəsilə nəqli gözlənilir”.

Azərbaycan səfiri bildirib ki, Cənub Qaz Dəhlizinin hissələri olan Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) Bolqarıstan ərazisindən keçməməsinə baxmayaraq, Bolqarıstan Cənub Qaz Dəhlizinin vacib hissəsi hesab olunur. Onun sözlərinə görə, bu təkcə təbii qaz almaq qərarı ilə bağlı deyil, daha önəmlisi odur ki, Bolqarıstan Cənub Qaz Dəhlizinin Avropa bazarlarında genişləndirilməsində rol oynaya bilər: "Bu mənada bu il fevralın 29-da keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasında qəbul olunan birgə bəyannamədə Yunanıstan-Bolqarıstan və Türkiyə-Bolqarıstan interkonnektorlarına xüsusi maraq ifadə olunub".

N.Qurbanova eyni zamanda qeyd edib ki, iki ölkə son illərdə enerji sahəsində əməkdaşlıqda önəmli addımlar atıb. Səfir vurğulayıb ki, enerji sahəsində əməkdaşlığı genişləndirmək üçün istifadə edilməmiş potensial mövcuddur: “Bolqarıstan hökumətinin öz enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycanı arzuolunan və etibarlı tərəfdaş kimi görməsini yüksək qiymətləndirik. Biz də bu marağı gələcək ikitərəfli əməkdaşlıqda bölüşürük və Bolqarıstan tərəfdaşları ilə qarşılıqlı faydalı enerji əməkdaşlığının yollarını kəşf etmək üçün yaxından işləməyə davam etməyə hazırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi