Yuxarı
    Bağlamaq

    Səfir: "Niderland Cənub Qaz Dəhlizinin inşasına xüsusi əhəmiyyət verir"

    Avropa investorlarının Azərbaycanın regional layihələrində və iqtisadiyyatının diversifikasiyasında iştirakının əhəmiyyəti vurğulanıb

    Bakı. 13 mart. REPORT.AZ/ Niderland Cənub Qaz Dəhlizinin (CQD) inşasına xüsusi əhəmiyyət verir.

    “Report” xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

    Səfir qeyd edib ki, bilavasitə onun benefisiarı olmasa da, Avropa və Niderland dəhlizin bir hissəsi olaraq öz enerji ehtiyat mənbələrini diversifikasiya etdiyindən bu, siyasi və strateji mənada çox vacibdir.

    Görüşdə, həmçinin Hollandiya şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək “Caspian Energy Forum-2017”də iştirakı mövzusuna toxunulub.

    Səfir ölkədə həyata keçirilən iqtisadi islahatların və Avropa investorlarının Azərbaycanın regional layihələrində və iqtisadiyyatının diversifikasiyasında iştirakının əhəmiyyətini vurğulayıb: “Azərbaycanla Niderland arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində artıq geniş əməkdaşlıq yaradılıb. Müxtəlif beynəlxalq təşəbbüslərə və Azərbaycanın mövqeyinə nəzər yetirsək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın maraqlı layihə olduğunu deyə bilərik. Bizim Şimal-Cənub adlı nəqliyyat dəhlizimiz var. Plana əsasən, bu dəhliz Sankt-Peterburqdan Mumbaiyə qədər uzanmalıdır. Xəritəyə baxsaq, marşrutun bu regionla da kəsişdiyini görə bilərik. Beləliklə, infrastrukturun inkişafı və yaxşılaşması, həmçinin Xəzər dənizindəki azad ticarət zonası, sözsüz ki, bu məsələdə mühüm rol oynayacaq. Əlbəttə ki, Şimal-Cənub marşrutu ilə yanaşı, Şərq-Qərb marşrutu, Yeni İpək Yolu da mövcuddur ki, bu da öz növbəsində geniş imkanlar yaradır”.

    Bundan əlavə, O.Kervers bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş Yol Xəritələri, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyası planı Niderlandın Azərbaycanla əməkdaşlıqda can atdığı məsələlərlə yaxşı uyğunlaşır: “Belə ki, prioriteti iki ölkə arasında dərin əməkdaşlıq əlaqələrinin mövcud olduğu kənd təsərrüfatı, eləcə də Hollandiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla Hollandiya texnologiyasının və nou-haunun tətbiqi təşkil edir”. Onun sözlərinə görə, hazırda bütün səylər bu hədəflərə yönəldilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi