Səfir: Azərbaycan təkcə neft və qazla zəngin ölkə deyil, həm də mühüm nəqliyyat qovşağına çevrilməkdədir"

Səfir: Azərbaycan təkcə neft və qazla zəngin ölkə deyil, həm də mühüm nəqliyyat qovşağına çevrilməkdədir" ​Energetika naziri Natiq Əliyev Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Energetika
18 İyul , 2016 18:56
Səfir: Azərbaycan təkcə neft və qazla zəngin ölkə deyil, həm də mühüm nəqliyyat qovşağına çevrilməkdədir

Bakı. 18 iyul. REPORT.AZ/ Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Energetika Nazirliyində olub. 

"Report" xəbər verir ki, görüşdə Azərbaycan və Polşa arasında əlaqələrin uğurla inkişaf etdiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın möhkəmləndirilməsində rolu qeyd edilib. 

Səfir Marek Tsalka deyib ki, Azərbaycan təkcə neft və qazla zəngin ölkə deyil, həm də mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Azərbaycanın yeni nəqliyyat sisteminin formalaşdırılması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. 

Onun sözlərinə görə, bu il sentyabrın 26-27-də Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfəri gözlənilir və səfər çərçivəsində iki ölkənin sahibkarlarının görüşlərinin təşkili prioritet istiqamətlər üzrə konkret addımları müəyyənləşdirməyə töhfə verəcək.

Görüş zamanı Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin həm bu səfərinin, həm də cari ilin sonunda keçirilməsi planlaşdırılan İqtisadi əməkdaşlıq üzrə Polşa –Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclasının yüksək səviyyədə təşkili məqsədilə bir sıra təkliflər də səsləndirilib. 

Bildirilib ki, əməkdaşlıq potensialının dəyərləndirilməsi üçün sentyabr ayının birinci yarısında Azərbaycanın aparıcı işgüzar dairələrinin nümayəndələrindən ibarət qrupun Polşaya səfəri də zəruridir.

Energetika naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev isə lazımi dəstəyin veriləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi