“Şəfəq” GES-in tikintisinə başlanılacaq və istismara veriləcək tarix açıqlanıb

“Şəfəq” GES-in tikintisinə başlanılacaq və istismara veriləcək tarix açıqlanıb BP şirkətinin törəməsi olan “Lightsource bp” şirkəti bu ilin oktyabrında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır.
Energetika
20 Fevral , 2024 14:21
“Şəfəq” GES-in tikintisinə başlanılacaq və istismara veriləcək tarix açıqlanıb

BP şirkətinin törəməsi olan “Lightsource bp” şirkəti bu ilin oktyabrında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə “Şəfəq” layihəsinin tikintisi ilə bağlı açıqlanan Ətraf Mühitə Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsinə dair Hesabatında deyilir.

Hesabata əsasən, “Şəfəq” günəş elektrik stansiyasının inşası üçün Azərbaycan hökuməti ilə bağlanmış əməkdaşlıq sazişi çərçivəsində “BP Exploration Caspian Sea Limited” şirkətinin adından layihənin işlənməsini həyata keçirən tərəf qismində çıxış edir.

Bildirilir ki, günəş elektrik stansiyası Cəbrayıl rayonunda, Araz çayının şimal-qərbində, Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı kəndi yaxınlığında tikiləcək. Stansiyanın sahəsi 802 hektar olacaq, stansiyanın özü 240 MVt dəyişən cərəyan gücünə (generasiya gücü) malik olacaq ki, bu da öz zirvəsində 288 MVt-a çata bilər.

Layihəyə fotovoltaik günəş elektrik stansiyasının layihələndirilməsi, avadanlıq təchizatı, tikintisi, quraşdırılması, sınaqları, istismara verilməsi və istismarı daxildir.

Hesabatda qeyd edilib ki, bu işlərin icrasına 2024-cü ilin ikinci yarısında başlanacaq və təxminən 18 ay davam edəcək. “Lightsource bp” şirkəti stansiyanın tikintisi, istismara verilməsi və istismarına cavabdeh olacaq.

Elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi sonda “Azərenerji” ASC-yə ötürüləcək. Layihə çərçivəsində 33/330 kV-luq yarımstansiyanın tikintisi də nəzərdə tutulub.

Qrafikə uyğun olaraq, 2024-cü ilin iyul-oktyabr aylarında “Lightsource bp” şirkəti qüvvə və vasitələrin (iş qüvvəsi, texnika və s.) səfərbər edilməsi və ərazinin hazırlanması üzrə işlərin görülməsini planlaşdırır. Günəş elektrik stansiyasının tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrınadək aparılacaq, istismara vermə sınaqlarına 2025-ci ilin noyabrında başlanacaq, stansiyanın kommersiya istismarına 2025-ci ilin dekabrında başlanacaq. 6-8 ay ərzində tikinti işçi qüvvəsinin orta hesabla 300 nəfərdən ibarət olacağı, pik dövrdə isə 700 nəfərə çatacağı gözlənilir.

Qeyd edək ki, günəş elektrik stansiyasının ilkin dəyəri 200 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır.

Ötən il iyunun 3-də Energetika Nazirliyi və BP GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Sazişi imzalayıblar. Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb.

Son xəbərlər

Orphus sistemi