“Şəfəq-Asiman”da qazma zamanı quyudan əldə edilmiş məlumatlar təhlil edilir
- 04 noyabr, 2021
- 11:14
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında "Fasilə" lay dəstində 7189 metr dərinlikdə tamamlanıb.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2021-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.
Məlumata görə, hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır.
"Bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır", - BP bildirir.
Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir.
Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.