“Şəfəq-Asiman” blokunda qazılmış ilk kəşfiyyat quyusunun interpretasiyası aparılır
- 15 noyabr, 2021
- 08:59
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilkin kəşfiyyat quyusunun qazılması yekunlaşıb.
“Report”un məlumatına görə, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq müəyyən karbohidrogen eytiyatları qeydiyyata alınıb: “Hazırda quyunun interpretasiyası davam edir. Blokda ikinci quyunun qazılması və ya gələcəkdə daha hansı addımın atılması ilə bağlı əlavə məlumat veriləcək”.
Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir.
Blok Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.