Yuxarı

Paskal Valentini: "San-Marino "Cənub Qaz Dəhlizi" layihəsinə maraq göstərir"

SOCAR prezidenti San-Marinonun xarici işlər naziri ilə görüşüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini ilə görüşüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə R.Abdullayev Azərbaycan iqtisadiyyatında SOCAR-ın rolu, ölkədə həyata keçirilən neft-qaz layihələri, xüsusilə Xəzər dənizində hasil edilən təbii qaz həcmlərinin Avropaya ixracı məqsədilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi barədə ətraflı məlumat verib. O bu layihələrin Avropa ölkələri üçün əhəmiyyətindən danışıb.

Qonaq isə San-Marino Respublikasının hazırda nefti və qazı İtaliya şirkətlərindən aldığını diqqətə çatdırıb və "Cənub Qaz Dəhlizi"nin işə düşməsində maraqlı olduqlarını bildirib.

Enerji məsələlərinin qlobal əhəmiyyət daşıdığını qeyd edən nazir Avropa ölkələrinin bu layihə vasitəsilə alternativ qaz mənbələri əldə edəcəyini və "Cənub Qaz Dəhlizi"nin enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayacağını vurğulayıb. O, Azərbaycana səfərindən xoş təəssüratlar aldığını qeyd edib, Azərbaycan Respublikasının Prezidenti ilə görüşündə ikitərəfli münasibətlərin genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparıldığını bildirib.

SOCAR prezidenti Azərbaycan barədə xoş sözlərinə görə qonağa təşəkkürünü bildirib. 

Görüşdə Azərbaycan və San-Marino arasında bütün sahələrdə, xüsusilə enerji sferasında əməkdaşlığın inkişafı ilə bağlı digər məsələlər də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi