Yuxarı
    Bağlamaq

    Samir Kərimli: "​SOCAR-ın "Total" şirkətinin Türkiyədəki payını alması xəbəri şayiədir"

    Total Türkiyədəki 450-yə yaxın yanacaqdoldurma məntəqəsini satmaq niyyətindədir

    Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Fransanın "Total" şirkətinin Türkiyə bazarındakı biznesində pay almaq niyyətində olması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bunu "Report"a açıqlamasında "SOCAR Turkey Energy" şirkətinin icraçı direktorunun birinci müavini Samir Kərimli deyib: "Bu məlumatlar sadəcə şayiədir və həqiqəti əks etdirmir".

    S.Kərimlinin sözlərinə görə, buna baxmayaraq, "SOCAR Turkey Energy" bazardakı konyunktur dəyişikliklərini daim izləyir və marketinq araşdırmalarını davam etdirir: "Bizim xüsusi idarələrimiz var ki, enerji bazarında baş verənləri izləyir. Amma "Total"ın Türkiyə enerji bazarındakı payının satın alınması ilə bağlı məsələ doğru deyil. Bu günə qədər bununla bağlı hər hansı danışıq və yaxud razılaşma olmayıb. Bu, sadəcə şayiədir".

    Xatırladaq ki, Türkiyə mətbuatı Fransanın "Total" şirkətinin Türkiyə bazarındakı payını satmaq istədiyini və bu hissənin alınması üçün ən uyğun namizəd kimi SOCAR-ın adı qeyd edilir. Məlumata görə, Türkiyənin 80 mlrd. lirə (29,6 mlrd. dollar) həcmində olan maye yanacaq bazarında "Total"ın payı 5,3%-ə (1,6 mlrd. dollar) bərabərdir.

    Nəşrin yazdığına görə, həmin payı almaq iqtidarında olan qurumlardan biri də BP şirkətidir. Belə ki, BP-dən verilən açıqlamaya görə, bu yanacaq şirkəti Türkiyədəki yanacaqdoldurma məntəqələrinin sayını iki il ərzində hazırkı 650 vahiddən 800-ə çatdırmaq niyyətindədir.

    Məlumata görə, bir neçə il öncə SOCAR şirkəti Türkiyə Enerji Tənzimləmə Komitəsindən (EPDK) yanacaqdoldurma stansiyalarının açılması üçün lisenziya alıb.

    Xatırladaq ki, "Total"ın Türkiyədə 450-yə yaxın yanacaqdoldurma məntəqəsi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi