Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində "Şahdəniz" yatağından 7 189,0 mln. kubmetr qaz hasil edilib.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
Onun sözlərinə görə, bu həcmin 2 315,4 mln. kubmetri SOCAR-a, 4 239,9 mln. kubmetri Türkiyəyə, 519,7 mln. kubmetri Gürcüstana nəql edilib:
"Cari ilin doqquz ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9 728,8 mln. kubmetr proqnoza qarşı, 10 402,8 mln. kubmetr (yəni 674,0 mln. proqnozdan çox) qaz resursu yaradılıb".
Nazir, həmçinin qeyd edib ki, doqquz ay ərzində ölkədə hasil edilmiş 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından çıxarılıb.
O əlavə edib ki, hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş
Hazırda yatağın işlənməsinin birinci mərhələsi üzrə hasil olunan qaz Azərbaycan bazarı üçün SOCAR-a, Gürcüstan bazarı üçün Gürcüstanın Neft və Qaz Korporasiyasına (GOGC şirkətinə), Türkiyə bazarı üçün "BOTAŞ" şirkətinə verilir.