“Şahdəniz” yatağından qaz hasilatının həcmi açıqlanıb
- 07 avqust, 2025
- 14:09
Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və ya təqribən 2 milyon ton (16 milyon barel) kondensat hasil edilib.
Bu barədə “Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin I yarısının yekunları üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 77,2 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetr təşkil edir. Bu da illik müqayisədə gündəlik təxminən 3,5 milyon və ya 3,3 % (illik təqribən 1,3 milyard və ya 4,4 % ) standart kubmetr azdır.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) və MVM (5,00 %) şirkətləri iştirak edir.