“Şahdəniz” yatağından qaz hasilatı 8%-dən çox artıb

“Şahdəniz” yatağından qaz hasilatı 8%-dən çox artıb Bu yataqdan Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün qaz çatdırılır
Energetika
29 Aprel , 2021 16:21
“Şahdəniz” yatağından qaz hasilatı 8%-dən çox artıb

Bu ilin ilk rübü ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan (BTC) şirkətinə qaz çatdırılması davam edib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, 31 dekabr 2020-ci il tarixində başlanan Avropa bazarlarına qazın çatdırılması 2021-ci ilin birinci rübündə də davam edib.

İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 5,1 mlrd standart kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin I rübündən 8,5 %, kondensat hasilatının həcmi 1,3 % çoxdur.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), "AzSD" (10%), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi