“Şahdəniz” yatağından qaz hasilatı 27 %-dən çox artıb
- 10 fevral, 2022
- 10:38
2021-ci il ərzində “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib.
"Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, bu yataqdan qaz hasilatının həcmi 2020-ci ilin göstəriciləri ilə müqayisədə 27,07 %, kondensat hasilatının həcmi 11,1 % çoxdur.
“Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 72 milyon standart kubmetrdir (ildə 26 milyarddan artıq).
2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Qeyd edək ki, layihədə BP (operator – 28,83 %), "AzSD" (10 %), "SGC Upstream" (6,67 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.