“Şahdəniz” yatağı üzrə əsaslı xərclər 4 %-ə yaxın artıb
- 10 may, 2024
- 09:41
Bu ilin yanvar-mart aylarında “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 719 milyon ABŞ dolları məbləğində əməliyyat xərcləri və 201 milyon ABŞ dolları əsaslı xərclər çəkib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə bu ilin I rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
“Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 41 milyon ABŞ dolları və ya 6,05 %, əsaslı xərclər isə 7 milyon ABŞ dolları və ya 3,6 % çoxdur.
Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) şirkətləri iştirak edir.