2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, 2020-ci ildə terminal təqribən 239 mln barel neft və kondensat ixrac edib ki, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 24 mln barel və ya 9,1 % azdır
2020-ci il ərzində o cümlədən 208 mln barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 27 mln barel və ya 11,5 % azdır.
2020-ci il ərzində 31 mln bareldən artıq neft Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3 mln barel və ya 10,7 % çoxdur
2020-ci İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 49 mln standart kubmetr (təxminən 1 mlrd 720 mln standart kubfut) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 7,5 % çoxdur.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 85 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.