“Şahdəniz-2” yatağının qərb-cənub cinahında hasilata başlanmasının vaxtı açıqlanıb
- 10 fevral, 2022
- 10:52
“Şahdəniz-2” yatağı çərçivəsində qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, qərb-cənub cinahında "İsrafil Hüseynov" borudüzən gəmisi sualtı boruların quraşdırılmasını uğurla və qrafiki qabaqlayaraq başa çatdırıb. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olub və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan verib.
Məlumata əsasən, 2021-ci ilin ikinci rübündə “Şahdəniz-2” çərçivəsində hasilata başlayan şərq-cənub cinahı il ərzində tam hasilat səviyyəsinə çatıb. Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb.
2021-ci ildə həmçinin şimal cinahında 5-ci quyudan hasilata başlanıb. Bu, Xəzər dənizində hasilatda olan sualtı istismar manifolduna bağlanmaqla işə salınan ilk sıxlaşdırma quyusu (ilk yerləşmə şəbəkəsini sıxlaşdırmaq üçün qazılmış quyu) idi. Bütöv bu əməliyyat həmin cinahdakı mövcud hasilat quyularının işini dayandırmadan tam təhlükəsiz şəkildə həyata keçirilib.
Həmçinin məlumatda qeyd edilir ki, 2021-ci ildə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Qeyd edək ki, layihədə BP (operator – 28,83 %), "AzSD" (10 %), "SGC Upstream" (6,67 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.