Bakı. 16 mart. REPORT.AZ/ "Şahdəniz 2" platformalarının ikinci dayaq bloku dənizə yola salınıb. Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku qrafiki qabaqlayaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə göndərilib.
"Report" bu barədə "BP-Azerbaijan"a istinadən xəbər verir.
Dayaq bloku konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi, payaların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir.
Dayaq blokunun tikintisi qrafiki qabaqlayaraq 20 fevral 2017-ci il tarixində tamamlanıb və sonra uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 daşıma barjına yüklənib.
"BOS Shelf", "Star Gulf" və "Saipem" şirkətlərinin konsorsiumu tərəfindən inşa edilmiş bu dayaq bloku yerli tikinti-quraşdırma infrastrukturundan və qurğularından istifadə olunmaqla bütövlüklə ölkə daxilində BDÖZ-də inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar daxil olmaqla 2 000 nəfər işçi cəlb edilib. Bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
İkinci dayaq blokunun çəkisi təxminən 12 084 ton, hündürlüyü isə 105 metrdir. Dayaq blokunun 31 J-formalı borusu, 7 xidməti kessonu və 3 J-formalı boru kessonu var. Dayaq bloku suyun 95 metr dərinliyində quraşdırılacaq.