Yuxarı

​Sabirabadın iki kəndinə qaz verilib

Ümumilikdə, 1 300-dək abunəçi qazla təmin olunub

Bakı. 21 noyabr. REPORT. AZ / Bu gün Sabirabad rayonunun Qaragüney və Qarağac kəndlərinə təbii qazın verilməsi ilə bağlı mərasim keçirilib. Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, eləcə də "Azəriqaz" İB-nin nümayəndələri iştirak ediblər.

"Report" xəbər verir ki, 722 abunəçisi olan Qaragüney kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 67 260 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 722 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qarağac kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 36 957 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açılış mərasimində çıxış edən SOCAR prezidenti R.Abdullayev kənd sakinlərini təbrik edib. Şirkət rəhbəri bildirib ki, dövlət başçısının tapşırığına əsasən, rayonlarda qazlaşma prosesi sürətlə davam edir. İlin sonunadək Sabirabad rayonunun 93%-i "mavi yanacaq"la təmin ediləcək. R.Abdullayev bildirib ki, hər bir rayonun qazlaşdırılması barədə dövlət başçısına mütəmadi məlumatlar verilir.

R.Abdullayev, həmçinin kəndlərin qazlaşma işlərini aparan tikinti təşkilatlarının üzvləri ilə də görüşüb, öz tapşırıq və tövsiyələrini verib. Sonda "mavi yanacağ"ın verilməsini bildirən rəmzi məşəl yandırılıb. Dövlət Neft Şirkətinin rəhbəri bir neçə mənzilə baş çəkib, qazın abunəçilərə verilişi ilə tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi