“S&P”: “Azərbaycan fevralda OPEC kvotasının 87 %-ni istifadə edib”
- 09 mart, 2024
- 10:30
Fevralda Azərbaycanın gündəlik neft hasilatı 480 min barel təşkil edib və bununla o, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) kvotasının 87,12 %-dən istifadə edib.
“Report” “S&P Global Commodity Insights”ın “Platts” sorğusu əsasında apardığı araşdırmaya istinadən xəbər verir ki, bu göstərici “OPEC+” kvotasından gündəlik 71 min barel və ya 12,88 % geri qalır.
Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 551 min bareldir.
Qeyd edilib ki, “OPEC+” ölkələrinin xam neft hasilatı fevralda gündəlik 41,21 milyon barel olub. Bu da son 1 ayın dövrü ilə müqayisədə eynidir. Bununla belə, OPEC+ ölkələrinin fevral ayında ümumi kvotalarından sutkada 175 min barel çox hasil edib. Bu isə ümumi kvotanın 97,8 % uyğunluq səviyyəsinə bərabər olduğunu göstərir.
Hasilatla bağlı cüzi artım OPEC-in 12 ölkəsinin payına düşür. OPEC üzvləri bu ilin fevralında gündəlik 26,58 milyon barel neft hasil edib. Bu göstərici yanvarda gündəlik 26,49 milyon barel idi. Bu da bir ayda 0,9 milyon barel artıma bərabərdir.
Araşdırmaya görə, qrupun iki ən böyük istehsalçısı və həmsədrləri Səudiyyə Ərəbistanı və Rusiya istehsal kvotalarını fevral ayında yerinə yetiriblər. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 8,98 milyon barel, Rusiya isə gündəlik 9,449 milyon barel kvotadan aşağı, 9,43 milyon barel səviyyəsində planlaşdırmışdı.
OPEC-in ən böyük hasilatçısı olan İraq fevralda sutkada 4 milyon barel olan kvotaya qarşı 4,27 milyon barel hasil edib. İraqın Neft Nazirliyinin fevralın ortalarında artıq hasilatı kompensasiya etməyi düşündüyünü söyləməsinə baxmayaraq, hasilat dəyişməyib.
Qazaxıstan OPEC-ə daxil olmayan ən böyük neft hasilatçısı olmaqda davam edir. Fevralda gündəlik 1,468 milyon barel kvota qarşılığında gündəlik 1,56 milyon barel hasil edilib. Qazaxıstan da yanvar ayında həddindən artıq hasilatı kompensasiya edəcəyini bildirib, lakin hələlik daha ətraflı məlumat verməyib.
OPEC-in aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı neft hasilatı səviyyəsini saxlayıb. Krallıq bazarı sərtləşdirmək səylərində hasilatçılar blokuna rəhbərlik etdiyi üçün ötən ilin iyulundan bəri gündəlik hasilatı 1 milyon barel könüllü olaraq azaldır.
Xatırladaq ki, “OPEC+” koalisiyası 2022-ci ildən bəri hasilatı silsilə şəkildə azaldıb. Hasilatın azaldılmasına dair son qərar 2024-cü il yanvarın 1-də qüvvəyə minib. Bununla Səudiyyə Ərəbistanı hasilatı gündəlik 1 milyon barel, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman isə ümumilikdə gündəlik 696 min barel azaldacaqlarını bəyan ediblər. Rusiya isə neft ixracını gündəlik 500 min barel azaldacağını bildirib.
Qeyd edək ki, “OPEC+” ölkələrinin hasilatı qlobal tədarükün təxminən 40 %-ni təşkil edir.