Yuxarı

​Səudiyyə Ərəbistanı Asiya bazarlarına dempinqi bərpa edib

Endirimlər hər barel üçün orta hesabla 1 dollar təşkil edir

Bakı. 6 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Asiya bazarlarında payını qorumaq üçün bu bölgədə yerləşən ölkələrə satdığı neftin qiymətini hər barel üçün orta hesabla 1 ABŞ dolları azaldıb. 

"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı son bir neçə ayda neft qiymətlərinin bahalaşacağını proqnozlaşdıraraq dempinqi ləğv etsə də, sentyabr ayında yenidən Asiya bazarlarına təmizlənmə dərəcəsindən asılı olaraq 0,7 ilə 1,3 dollar endirim edib. 

Qəzet həmçinin yazıb ki, qiymətlərin azaldılmasına səbəb son günlərdə neftin qiymətinin 42 dollar/barelə qədər geriləməsi olub. 

"WSJ"yə görə, Səudiyyə Ərəbistanının elan etdiyi endirimlər keçən ilin oktyabr ayından etibarən ən böyük məbləğ təşkil edib. 

Xatırladaq ki, may ayında Səudiyyə Ərəbistanı Asiya bazarlarına satış qiymətini yüksəltsə də, bazarda rəqabətin qızışması onu geri addım atmağa məcbur edib. Belə ki, son zamanlar İran, İraq və Rusiyanın Asiya bazarlarında fəallığı müşahidə olunmağa başlayıb. Asiya bazarları isə Səudiyyə Ərəbistanının ixracının yarısını təşkil edir. 

Çin gömrüyündən verilən rəsmi məlumata əsasən, Rusiyanın Çindəki müstəqil neftayırma zavodlarına neft satışı illik müqayisədə 9% artaraq 4 mln. tona çatıb. Eyni hesabat dövründə Səudiyə Ərəbistanının satışı 14% azalaraq 4,6 mln. ton təşkil edib. OPEC-dən verilən məlumata görə, Rusiya bu ilin II rübündə hasilatı 150 min barel və ya 1,4% artıraraq gündəlik 11,03 mln. barelə çatdırıb.

Hundistan bazarında isə neft ixracında liderlik Səudiyyə Ərəbistanından İraqa keçib. Belə ki, İraq II rübdə Hindistana 11 mln. ton neft sataraq Səudiyyə Ərəbistanını 1 mln. ton üstələyib.

Kolumbiya Universiteti nəzdində Qlobal energetika siyasəti Mərkəzinin elmi işçisi Ceymi Uebsterə (Jamie Webster) görə, Səudiyyə Ərəbistanının Asiya bazarlarında mövqelərinin zəifləməsi İranın yanvar ayında bu ölkəyə tətbiq olunan sanksiyaların qaldırılmasından bu günə qədərki dövrdə hasilatı gündəlik 600 min barel artırması olub. 

Vyanada yerləşən "JBC" konsaltinq şirkətinin məlumatına əsasən, İranın Çin, Yaponiya, Cənubi Koreya və Hindistana məcmu neft satışı bu ilin ilk 6 ayında orta hesabla gündəlik 1,4 mln. barel artıb və bu da keçən ilin analoji dövrü ilə müqayisədə 29% çoxdur.

"Report"un analitik qrupu hesab edir ki, son bir neçə gündə neft qiymətlərində görülən artım əsasən texniki düzəltmə hərəkəti sayılır. "Brent" markalı neftin qiyməti 45-46 dollar/barelə yüksəldikdən sonra yenidən 36-37,5 dollar diapazonuna qədər geriləməsi proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi