Bakı. 3 may. REPORT.AZ/ Rusiya aprel ayında OPEC+ razılaşması çərçivəsində götürdüyü öhdəliyə 95,2% əməl edib.
“Report” “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, aprel ayında maye karbohidrogenlərin hasilatında dalğalanmalar Hasilatın Pay Bölgüsü (PSA) layihələrində aktivliyin artması ilə əlaqədardır. Nazir qeyd edib ki, Rusiya neft bazarında tarazlığa nail olmağa və hasilatdakı dəyişkənlik faktorlarını tənzimləməyə tam sadiqdir.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC üzvü və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub.
Rusiya gündəlik hasilatı 300 min barel azaltmaqla bağlı öhdəlik götürüb. Rusiya apreldə neft hasilatını 2016-cı ilin oktyabr ayının göstəricisindən 285,6 min barel/gün azaldıb.