Bakı. 24 dekabr. REPORT.AZ/ Son zamanlar neft qiymətlərində baş verən artım Rusiyaya əlavə 41 mlrd. ABŞ dolları həcmində gəlir qazandıra bilər. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin dünən keçirdiyi ənənəvi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəsaitin 1,75 trln. rublu (28,7 mlrd. dollar) vergi daxilolmalarından, 750 mlrd. rublu (12,3 mlrd. dollar) isə neft şirkətlərinin mənfəətləri formasında əldə oluna bilər.
V.Putin neft bazarında müşahidə olunan son hadisələrə toxunaraq neft hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşmadan da danışıb: "Hesab edirik ki, neft qiymətləri bu səviyyədə sabitləşəcək".
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov neft qiymətlərinin hər 10 dollar/barellik artımın Azərbaycana əlavə 1,7 mlrd. dollar gətirdiyini bildirib.