Rövnəq Abdullayev: "SOCAR hazırda "Total"ın Türkiyədəki şəbəkəsini almaqda maraqlı deyil"

Rövnəq Abdullayev: "SOCAR hazırda "Total"ın Türkiyədəki şəbəkəsini almaqda maraqlı deyil" SOCAR rəhbəri: "Türkiyənin pərakəndə yanacaq bazarındakı marja sərfəli deyil"
Energetika
1 May , 2015 12:21
Rövnəq Abdullayev: SOCAR hazırda Totalın Türkiyədəki şəbəkəsini almaqda maraqlı deyil

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Fransanın "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəsini almaq niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib: "Mən bu məlumatı qəzetlərdən oxumuşam. Bilirsiniz, kimsə nəsə satanda, dərhal bizim adımız çəkilir".

"Bu dəqiqə belə bir marağımız yoxdur. Lakin ola bilər ki, ona da baxaq. İlk növbədə məqsədimiz emal zavodun inşasını həyata keçirmək və topdansatışı təşkil etməkdir. Türkiyə bazarında qanunvericilik dəyişib və pərakəndə satışda, yanacaqdoldurma məntəqəsindəki marja sərfəli deyil. Əgər sərfəli olsaydı, "Total" özü bu bazarda qalardı", - deyə R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, iki gün öncə "Report"a açıqlama verən "SOCARTurkey Energy" şirkətinin icraçı direktorunun birinci müavini Samir Kərimli də bu məlumatları şayiə adlandırıb. Bununla yanaşı, o, "SOCARTurkey Energy"nin bazardakı konyunktur dəyişikliklərini daim izlədiyini və marketinq araşdırmalarını davam etdirdiyini bildirib: "Bizim xüsusi idarələrimiz var ki, enerji bazarında baş verənləri izləyir. Amma "Total"ın Türkiyə enerji bazarındakı payının satın alınması ilə bağlı məsələ doğru deyil. Bu günə qədər bununla bağlı hər hansı danışıq və yaxud razılaşma olmayıb. Bu, sadəcə şayiədir".

Xatırladaq ki, Türkiyə mətbuatıFransanın "Total" şirkətinin Türkiyə bazarındakı payını satmaq istədiyini və bu hissənin alınması üçün ən uyğun namizəd kimi SOCAR-ın adı qeyd edilir. Məlumata görə, Türkiyənin 80 mlrd. lirə (29,6 mlrd. dollar) həcmində olan maye yanacaq bazarında "Total"ın payı 5,3%-ə (1,6 mlrd. dollar) bərabərdir.

Nəşrin yazdığına görə, həmin payı almaq iqtidarında olan qurumlardan biri də BP şirkətidir. Belə ki, BP-dən verilən açıqlamaya görə, bu yanacaq şirkəti Türkiyədəki yanacaqdoldurma məntəqələrinin sayını iki il ərzində hazırkı 650 vahiddən 800-ə çatdırmaq niyyətindədir.

Məlumata görə, bir neçə il öncə SOCAR şirkəti Türkiyə Enerji Tənzimləmə Komitəsindən (EPDK) yanacaqdoldurma stansiyalarının açılması üçün lisenziya alıb.

Xatırladaq ki, "Total"ın Türkiyədə 450-yə yaxın yanacaqdoldurma məntəqəsi var.

Son xəbərlər

Orphus sistemi