Yuxarı

Rövnəq Abdullayev: “Neft emalı məhsullarımız ABŞ, İtaliya, Misir, Yunanıstan, İspaniya, Ukrayna, Vyetnama ixrac olunur”

Bu barədə SOCAR prezidenti rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Neft emalı məhsullarımız hazırda ABŞ, İtaliya, Misir, Yunanıstan, İspaniya, Ukrayna, Vyetnam, neft-kimya məhsullarımız isə Çin, Hollandiya, Belçika, Bolqarıstan, Çexiya, Litva, BƏƏ, Qazaxıstan, Hindistan və başqa ölkələrə ixrac olunur. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin neftçilər günü münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan dünya bazarında həm də neft məhsullarının ixracatçısı kimi tanınır: “Emal kompleksində mühərrik yanacaqları istehsalının artırılması, keyfiyyətin yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, kimya sənayesində müsbət dinamika müşahidə olunur, sahənin ümumi iqtisadi göstəriciləri yüksələn xətt üzrə inkişaf edir”.

SOCAR prezidenti bildirib ki, neft və neft-kimya məhsullarının keyfiyyətinə olan tələblər ildən-ilə artır: "Emal proseslərinin yeniləşdirilməsi və optimallaşdırılması, ekoloji təmiz yanacaqların istehsalının genişləndirilməsi məsələləri olduqca aktualdır. “Mövcud emal müəssisələrinin güclərindən daha səmərəli istifadə olunmaqla ölkənin yanacaq məhsulları ilə etibarlı təminatı, daxili və xarici bazarlar üçün “Avro-5” standartına cavab verən avtomobil benzinləri və dizel yanacağının istehsalı, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə Heydər Əliyev adına NEZ və “Azərikimya” İB-də geniş yenidənqurma və modernizasiya layihəsinə start verilib. Layihə 2015-2020-ci illəri əhatə edir. Mərhələlər üzrə NEZ-də bitum qurğusu tikilib istifadəyə veriləcək, əvvəlcə “Avro-5” standartına cavab verən dizel, sonra isə benzin istehsalı ilə əlaqədar tədbirlər görüləcək, bir neçə yeni qurğu quraşdırılacaq, neft-kimya istehsalatının xammalla fasiləsiz təminatı həyata keçiriləcək. Bu işlərə dünyanın bir çox aparıcı şirkətləri cəlb edilib. Baza işləri başa çatıb, tələb olunan məlumatlar toplanmış, yeni qurğu və avadanlıqların yerləşdirilməsi planı hazırlanıb, torpaq və topoqrafik tədqiqat işləri yerinə yetirilib. İstehsal gücü ildə 400 min ton olan yeni bitum qurğusunun inşasına hazırlıq işləri tamamlanıb”. Qeyd olunub ki, “Neftçilər Günü” ərəfəsində Prezident İlham Əliyev ulu öndərin adını şərəflə daşıyan neft emalı zavodunda olub, modernizasiya işlərinin gedişi ilə maraqlanıb və bitum qurğusunun təməlini qoyub:“Neft emalı və neft-kimya kompleksinin inkişafı üzrə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin həlli yolunda bütün qüvvələr səfərbər edilib. Yenidənqurma ilə əlaqədar mühərrik yanacaqlarına və neft-kimya xammalına tələbatın fasiləsiz təminatı üçün bütün lazımi tədbirlər işlənib hazırlanıb". 

Məqalədə həmçinin bildirilir ki, “Azərikimya” İB-nin istehsalat sahələrinin yenidənqurma işləri də mərhələli şəkildə aparılır və 2020-ci ilə kimi tamamlanmalıdır:"Proqrama əsasən,”EP-300” qurğusunda müxtəlif bölmələrin, digər qurğuların, yeni piroliz sobalarının inşası, kompressor və enerji bloklarının rekonstruksiyası, buxar generator kompleksinin modernləşdirilməsi və çox sayda infrastruktur işləri həyata keçiriləcək. Yenidənqurma layihəsi “SOCAR-Polimer”-in xammalla təminatı, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından böyük önəm daşıyır. H.Əliyev adına NEZ və “Azərikimya”da modernləşdirmə prosesləri ilə paralel olaraq müasir standartlara cavab verən Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (OGPC) yaradılması üzrə işlər də davam etdirilir".

SOCAR prezidenti məqaləsində onu da qeyd edib ki, təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulmuş Sumqayıt Karbamid Zavodunda inşaat işlərinin 2017-ci ildə tamamlanması və müəssisənin 2018-ci ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulur: "Müasir beynəlxalq standartlar əsasında inşa olunan bu müəssisədə gündəlik 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid istehsal ediləcək. Xammal kimi təbii qazdan istifadə ediləcək zavodda işlərin təxminən 78 faizi icra edilib. Ölkəmizin azot gübrəsinə tələbatını ödəmək gücünə malik bu zavod kənd təsərrüfatının inkişafına və respublikamızda ərzaq proqramının həyata keçirilməsinə neftçilərin töhfəsi olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi