​Rövnəq Abdullayev:"Cənub Qaz Dəhlizi layihəsinin bütün sahələrində qrafik üzrə iş aparılır"

​Rövnəq Abdullayev:"Cənub Qaz Dəhlizi layihəsinin bütün sahələrində qrafik üzrə iş aparılır" SOCAR prezidenti: "Azərbaycan qazı Avropaya təyin olunan vaxtda çatdırılacaq"
Energetika
18 Sentyabr , 2015 13:43
​Rövnəq Abdullayev:Cənub Qaz Dəhlizi layihəsinin bütün sahələrində qrafik üzrə iş aparılır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin icrası yüksək templə irəliləyir. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev xatırladıb ki, artıq layihə üzrə 10 mlrd. dollardan çox məbləğdə müqavilələr imzalanıb: "Həm Heydər Əliyev adına Dərin Özüllər Zavodunun sahəsində, həm başqa sahələrdə işlər başlanılıb. Dənizdə də, quruda da Səngəçal terminalının genişləndirilməsi ilə bağlı işlər də sürətlə aparılır. Cənubi Qafqaz Boru Kəməri boyunca yeni boru xəttinin tikintisi işlərinə həm Azərbaycanda, həm də Gürcüstanda başlanılıb. Borular sahələrə gətirilib, qaynaq işləri aparılır. Gürcüstanda kompressor stansiyasının tikintisinə başlanılıb".

SOCAR rəhbəri TANAP layihəsindən də danışaraq qeyd edib ki, bu qaz boru kəmərinin də tikintisi uğurla həyata keçirilir: "1 350 km hissədə borular sahələrə daşınıb, 400 km boru istehsalçılar tərəfindən təhvil verilib və sahələrə daşınır. Lot-1, Lot-2 və Lot-3 ərazisində qaynaq işləri aparılır. Artıq proqrama uyğun və hətta qrafiki bir az da qabaqlamaqla işlər görülür".

R.Abdullayev, həmçinin qeyd edib ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə də işlərə başlanılıb: "Albaniyada boru xətti yolunun düzəldilməsi həyata keçirilir. Yunanıstanda işlərin başlanılmasına hazırlıq görülür. Dəniz işlərini həyata keçirmək üçün layihə başa çatıb. Tender proseduru aparılır. Cənub Qaz Dəhlizi layihəsinin bütün sahələrində qrafik üzrə iş aparılır və Azərbaycan qazını təyin olunan vaxtda Avropaya çatdıracağıq".

Son xəbərlər

Orphus sistemi