​Rövnəq Abdullayev: "Azərikimya" SOCAR-ın tərkibinə verildikdən sonra böyük işlər görülüb"

​Rövnəq Abdullayev: "Azərikimya" SOCAR-ın tərkibinə verildikdən sonra böyük işlər görülüb" "Azərikimya" iri vergi ödəyicisi olub, əmək haqları artıb
Energetika
30 Oktyabr , 2015 17:08
​Rövnəq Abdullayev: Azərikimya SOCAR-ın tərkibinə verildikdən sonra böyük işlər görülüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə "Azərikimya" İstehsalat Birliyinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə daxil edilməsi haqqında sərəncam imzalayarkən SOCAR qarşısında yeni kimya sənayesinin qurulmasını məqsəd qoyub. Bu illər ərzində böyük işlər görülüb.

"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda Azərbaycanda kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirib. 

O qeyd edib ki, hazırda İstehsalat Birliyində yenidənqurma işləri aparılır: "Kimya sənayemiz 100% nafta ilə işləyirdisə, hazırda onun 52%-i qazla işləyir. Məşəldə yanan quru qazın Sumqayıtda emalı təşkil edilib. Bunun da SOCAR-a milyonlarla effekti olub. "Azərikimya" yüksələn xətlə müsbət nəticələr verir və artıq iri vergi ödəyicisi olub. Əmək haqları artıb".

Onun sözlərinə görə, ekoloji problemli obyektlər sökülərək ekoloji təmiz sistem və qurğular quraşdırılıb.

SOCAR prezidenti həmçinin, kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradıldığını, təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş azot gübrəsi istehsal edəcək Karbamid Zavodunun, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini söyləyib.

Dövlət başçısının əlamətdar yubiley münasibətilə bir qrup kimyaçının ali dövlət mükafatları ilə təltif etməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən SOCAR prezidenti kimyaçıların adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək kimyaçıları bayram münasibətilə təbrik edib, ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işlərdə onlara uğurlar arzulayıblar. Veteran kimyaçı Firuddin Mustafayev ötən dövr ərzində yüzlərlə kimyaçının əməyinin dövlət tərəfindən fəxri adlar, müxtəlif orden və medallarla qiymətləndirildiyini qeyd edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə kimya sənayesində çalışmış, bu səhədə səmərəli fəaliyyət göstərmiş qabaqcıl kimyaçıların müxtəlif mükafatlarla təltif olunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 26 oktyabr 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni, Prezidentin fərdi təqaüdü və “Tərəqqi” medalı ilə təltif olunmuş kimyaçılara, SOCAR-ın prezidenti R.Abdullayevin əmri ilə fəxri fərman və pul mükafatlarına layiq görülən 19 nəfər kimyaçıya, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcovun əmri ilə təltif olunan 10 nəfər kimyaçıya mükafatlar təqdim olunub. Bundan əlavə, 15 kimyaçı “Azərikimya” İB tərəfindən fəxri fərman və pul mükafatlarına layiq görülüb.

Qeyd edək ki, R.Abdullayev və onu müşayiət edən şəxslər əvvəlcə “Azərikimya” İB-nin baş ofisində olub, Birliyin Etilen-Polietilen Zavodunun müxtəlif istehsalat sahələri ilə əlaqədar elan edilmiş vakansiyalar üzrə SOCAR-ın İnsan resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişi ilə maraqlanıblar. Departamentin rəisi Asif Bəkirli elan olunmuş vakansiyalar və test imtahanları haqqında qonaqlara ətraflı məlumat verib. R.Abdullayev imtahan verəcək gənclərlə görüşüb, onlara uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi