Yuxarı

Rövnəq Abdullayev: “Avqust ayına qədər TANAP üzrə işlərin 31,4% yerinə yetirilib”

Kəmərin tikintisi üzrə ilk mərhələ sona çatdırılıb

Bakı.20 sentyabr. REPORT.AZ/ Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya nəql edəcək, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) üzrə işlərin 31,4%-o cari ilin avqust ayına qədər yerinə yetirilib“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Nefçilər günü münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində qeyd olunub.

SOCAR prezidenti bildirib ki, TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər müvəffəqiyyətlə davam etdirilir.

O xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz-2” də daxil olmaqla 4 əsas layihə üzrə reallaşdırılır: “İlk növbədə, Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri genişləndirilir. 2006-cı ildə istismara verilmiş bu kəmərlə hazırda “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 mlrd. kubmetrə çatdırılacaq”. 

R.Abdullayev bildirib ki, genişləndirmə layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin bütün marşrutu boyunca geniş vüsət alıb. Onun sözlərinə görə, boruların düzülməsi, örtüklənməsi, xəndəyə endirilməsi, qaynaqlanması və s. işlər qrafikə uyğun olaraq davam edir. “Kompressor stansiyalarında tikinti-quraşdırma işləri intensivləşib. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin yekunlaşdırılması planına uyğun davam edir. Cənub Qaz Dəhlizinin birləşdirici həlqəsi olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans Adriatik Boru Kəmərinə (TAP) birləşərək “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Kəmərin ilkin ötürücülük gücü ildə 16 mlrd. kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 mlrd.-a qədər artırılması imkanları da nəzərə alınıb. TANAP hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük investisiya layihəsidir. Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş bu kəmər boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında gerçəkləşdirilən ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaq”.

SOCAR prezidenti həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmentini təşkil edəcək TAP kəmərinin təməli bu ilin mayında qoyulub: "Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Albaniya ərazisindən keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qədər uzanacaq bu kəmərin ilkin ötürücülük gücü ildə 10 mlrd kubmetr həcmində nəzərdə tutulub. Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olduğu nəzərə alınaraq, Cənub Qaz Dəhlizi sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin, o cümlədən, TAP-ın ötürücülük gücü artırıla bilsin”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi