Romada İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Romada İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Azərbaycanın energetika naziri Natiq Əliyev İtaliyanın səfiri Campaolo Kutilyonu qəbul edib
Energetika
31 May , 2016 17:19
Romada İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakı. 31 may. REPORT.AZ/ İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iyunun 13-də Romada keçiriləcək IV iclasına hazırlıq məsələlərinin müzakirəsi məqsədilə İtaliyanın ölkəmizdəki səfiri Campaolo Kutilyo (Gaimpaolo Cutillo) Energetika Nazirliyində olub. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hökumətlərarası komissiyanın iclaslarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qiymətləndirilib. Növbəti tədbirdə iştirakçıların geniş tərkibdə və yüksək səviyyədə təmsil olunmasının vacibliyi qeyd edilib. Komissiyanın iclasında iştirak etmək məqsədilə energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Natiq Əliyevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti İtaliyaya səfər edəcək.

N.Əliyev və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedovanın birgə sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti təhlil edilərək, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

İclasda İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio de Vinçentinin 2020-ci ildən Azərbaycan qazının İtaliya və Avropaya tədarükünü təmin edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlərə həsr olunmuş çıxışı, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın protokolunun imzalanması nəzərdə tutulub.

Azərbaycanla İtaliya arasında üzünmüddətli dostluq münasibətləri və ortaq maraqlar, qarşılıqlı fayda əsasında ticarət və investisiyalar daxil olmaqla ikitərəfli əlaqlərin gücləndirilməsini hədəfləyən hökumətlərarası homissiyanın IV iclası çərçivəsində İtaliya-Azərbaycan biznes-forumunun keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, hökumətlərarası komissiyanın III iclası 2013-cü il dekabrın 16-da Bakıda keçirilib. İtaliya Statistika İnstitutunun (İSTAT) məlumatına görə, 2006-2015-ci illərdə iki ölkə arasında ticarət dövriyyəsi 2,5 mlrd. avrodan 5 mlrd. avroya qədər artıb.

Ötən il Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2 842,10 mln. ABŞ dolları olub. İki ölkə arasında iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır. 2015-ci ildə Azərbaycan İtaliyaya dünya üzrə xam neftin ilk, karbohidrogenlərin isə ikinci ən mühüm təchizatçısı olub. İtaliya istifadə etdiyi 20% nefti Azərbaycandan alır. Strateji cəhətdən əhəmiyyət kəsb edən və enerji resurslarının təchizatının diversifikasiyasına imkan yaradacaq TAP qaz boru kəməri ilə bağlı işlərə isə İtaliya öz ərazisində 2016-cı il 13 may tarixində start verib. İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq TAP kəmərinin səhmdarıdır.

TAP kəmərinin quraşdırılması prosesində iştirak hüququ qazanan şirkətlərdən biri də “Saipem” şirkətidir. Bu ilin mayında şirkət "Şahdəniz" tərəfdaşlığının adından BP tərəfindən “Şahdəniz-2“ üzrə əsas müqaviləyə tərəf olub. "Maire Tecnimont" şirkəti isə "SOCAR Polymer" layihəsinin mühəndislik, təchizat və tikinti üzrə kontraktorudur. Şirkət hazırda Bakıda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulmasını təşviq edir.

Son xəbərlər

Orphus sistemi