Yuxarı

"Report": Neft kəskin ucuzlaşa bilər

OPEC-in Əlcəzair sammiti müsbət nəticə verməsə, neftin qiyməti 20-30 dollar/barel diapazonuna enə bilər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-28-də Əlcəzairdə keçirilməsi planlaşdırılan OPEC-in növbədənkənar iclasında üzv ölkələri neft hasilatının dondurulması və ya azaldılması ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə neftin qiymətində sərt azalma olacağı və ilin sonuna qədər qiymətlərin 25-30 dollar/barelə qədər geriləyəcəyi proqnozlaşdırılır. 

"Report"un analitik qrupu hesab edir ki, hazırda neft qiymətləri məhz Əlcəzair sammitinin nəticələrinin müsbət olması ehtimalı səbəbindən azalma göstərmir. Belə ki, "Trafigura" neft treyder şirkətinin Avrasiya bölməsinin direktoru Conatan Kollekə görə, Rusiyada bu il gündəlik neft hasilatı 10,9 mln. barel, 2017-ci ildə isə 11,3 mln. barel/gün təşkil edəcək. 

"Bloomberg"ə görə, OPEC-in avqustda hasilatı 33,69 mln. barel/günə yüksəlib. "Gunvor" araşdırma şirkətinin bazar araşdırmaları və təhlili şöbəsinin rəhbəri Devid Fayfa görə isə, OPEC-in 34 mln. barel/gün hasilat səviyyəsinə çatmasına az qalıb. Qeyd edək ki, İranın hazırda gündəlik hasilatı 3,8 mln. barel təşkil edir və yaxın gələcəkdə bu həcmin 4 mln. barelə çatdırılması hədəflənib. Bununla yanaşı, ABŞ-da kommersiya məqsədli neft ehtiyatlarının, aktiv neft buruqlarının və gündəlik hasilat göstəricisinin artım trendinə davam etdiyi müşahidə olunur.

Xatırladaq ki, Çində keçirilən G-20 sammitində S.Ərəbistanı və Rusiya neft bazarlarının tənzimlənməsi barədə anlaşma imzalasalar da, daha sonra hər iki ölkənin energetika nazirləri hasilatı azaltmaq üçün bir səbəb olmadığını bildiriblər.

Bu faktlarla yanaşı, "JPMorgan" bankının hesabatına əsasən, Çinin strateji neft ehtiyatları maksimal həddə yaxınlaşıb. İndiyədək Çin strateji ehtiyatları artırmaq üçün gündəlik 1 mln. barel neft tələbi ilə bazara çıxırdı. Bank sentyabr ayından etibarən strateji ehtiyatların maksimal həddə çatması səbəbindən Çinin neft idxalını 15% və ya gündəlik 1,2 mln. barel azaldacağını ehtimal edir.

"Report"un analitikləri qeyd edirlər ki, Əlcəzair görüşü müsbət nəticələnməsə, neftə təklifin tələbi əhəmiyyətli şəkildə üstələməsi səbəbindən qiymətlərin kəskin azalması və 20-30 dollar/barel diapazonuna enməsi baş verə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi