Qurudakı karbohidrogen yataqları uzun illər perspektivliyini qoruyacaq

Qurudakı karbohidrogen yataqları uzun illər perspektivliyini qoruyacaq Neft – mürəkkəb karbohidrogen qarışığından ibarət, sıxlığı 0,65–1,05 q/kub sm (qram/kub santimetr – çəkinin həcmə olan nisbəti) olan yağlı maye yanacaqdır. Neftlərin əksəriyyəti sudan yüngüldür
Energetika
169
23 Sentyabr , 2021 18:09
Qurudakı karbohidrogen yataqları uzun illər perspektivliyini qoruyacaq

Neft – mürəkkəb karbohidrogen qarışığından ibarət, sıxlığı 0,65–1,05 q/kub sm (qram/kub santimetr – çəkinin həcmə olan nisbəti) olan yağlı maye yanacaqdır. Neftlərin əksəriyyəti sudan yüngüldür. Təbii halda neft qara asfalt bitumu (qır) və cürbəcür uçucu duru maddələr şəkilındə təmsil olunur. Ona “qara qızıl” deyilsədə, əslində neft, rənglərin ahəngdarlığı ilə fərqlənir - o qara, qəhvəyi, albalı (tünd qırmızı), yaşıl, kəhraba, sarı rənglərə çala bılər. Onun iyi də müxtəlif ola bilər – xoş ətirlidən tutmuş üfunətli kükürd (sulfid) iyinəcən.

Əvəzsiz sərvət sayılan neftin yüz illərlə inkişafına və ondan istifadə tarixinə nəzər salsaq Bakı neftinin dünya neft tarixi salnaməsində özünəməxsus yer tutduğunu görərik. Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş edib, neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olub, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilib. Azərbaycan dünya neft sənayesinin beşiyidir, desək, yanılmarıq. Neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılıb, emal olunub, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilib, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına başlanılıb. Bu məqalədə neftin tarixindən, istismar üsullarından, nəqletmədən, emalından danışmaq istəmirəm. Sadaladıqlarım haqqında kifayət qədər məlumatlar dərc olunub. Buna baxmayaraq, deyim ki, Azərbaycanda “qara qızıl” hələ qədim zamanlardan, taa eramızdan əvvəllərdəki dövrlərdən bu yana çıxarılıb, neftdən həm müalicədə həm də hərbdə geniş istifadə edilib.

Azərbaycanda, xüsusulə, Abşeron yarımadasında neftin mövcudluğunu məhz palçıq vulkanları ilə əlaqələndiriblər. Yer kurəsində 800 palçıq vulkanı mövcuddur ki, onun 350-ə qədəri Azərbaycanda yerləşir və bu göstəriciyə görə də ölkəmiz dünyada birinci yer tutur. Palçıq vulkanları sülb (yerin təkində üzvi maddə qalıqlarının bərk halda olan hissəsi), qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Bu fakt Azərbaycanın zəngin karbohidrogen yataqlara malik olmasını bir daha sübut edir.

Neft tükənən sərvətdir, deyirlər. Yüz illərlə yerin təkindən neftin çıxarılmasına baxmayaraq, bu gün də ölkəmiz zəngin neft-qaz yataqları ilə dünyada öz sözünü deməyi bacarır. Ötən illər ərzində istər Xəzər akvatoriyasında, istərsə də quruda çoxlu sayda axtarış-geofiziki tədqiqat işləri aparılıb, 150-ə yaxın yeni perspektivli strukturlar aşkar edilib, yeni karbohidrogen yataqları açılıb. Azərbaycan müstəqillik qazanana qədər ölkə üzrə qalıq geoloji ehtiyat 3,3 milyard tondan çox neft və kondensat, təxminən 410 milyard kubmetr qaz (səmt qazı və təbii qazla birlikdə) təşkil etdiyi halda, müstəqillik illərindən sonra, daha dəqiq desək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qalibiyyətli neft strategiyasının uğurla həyata keçirilməsindən sonra neft-qaz sənayesinə cəlb olunan investisiyalar, tətbiq edilən mütərəqqi texnologiyalar sayəsində yeni strukturların kəşfi, yeni yataqların açılması ölkənin ölkənin karbohidrogen ehtiyatlarının artmasına böyük təsir etdi. Müstəqillik illərində Azərbaycanda "Azəri-Çıraq-dərinsulu Günəşli" yataqlar bloku, "Şahdəniz", eləcə də SOCAR-ın öz hesabına açdığı "Ümid" və "Qərbi Abşeron" (tam miqyaslı) yataqları işlənməyə cəlb olundu. "Qarabağ" və "Abşeron" yataqları təkrar kəşf edilərək perspektivliyi təsdiqini tapdı. "Hövsan" və "Bulla" yataqlarında aparılan seysmik işlərdən sonra həmin yataqların ehtiyatları daha dəqiq hesablandı. Eyni zamanda, "Qoşadaş", "Zəfər", "Məşəl", "Naxçıvan", "Aypara", "Şərqi Aypara", "Gündüz", "Dan Ulduzu", "Şəfəq-Asiman" strukturlarında, D230 blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində aparılan seysmik işlərdən sonra bu strukturların perspektivliyi qiymətləndirildi.

Bunlardan başqa, son 10 il ərzində "Padar-Kəlaməddin", "Bəyimdağ-Təkçay", "Yavandağ-Şıxzəyir", "Türkan", "Bahar-2", "Şıxıqaya", "Padar", "Eldaroyuğu", "Böyük Palantökən", "Qoşadaş", "Ağburun", "Ceyilaxtarma- Nardaranaxtarma", "Gədisu-Sitalçay", "Qazanbulaq-Ziyad xan-Çaylı" sahələrində, eləcə də Yevlax-Ağcabədi çökəkliyində, Muğan monoklinalında, Böyük Qafqazın cənub ətəklərində, Cəlilabad çökəkliyində seysmik işlər aparılmış, bu sahələrin perspektivliyi öyrənilmişdir. Bütün bu görülmüş işlər şübhəsiz ki, ölkənin karbohidrogen ehtiyatlarına müsbət təsirini göstərdi. Hazırda ölkə üzrə qalıq geoloji ehtiyat 5 milyard tondan çox neft və kondensat, 2,7 trilyon kubmetr qaz (səmt qazı və təbii qazla birlikdə) təşkil edir. Bu həcmlərdən neftin 1,9 milyard tonu, qazın isə 0,15 trilyon kubmetri quru yataqlarının payına düşür.

1 yanvar 2021-ci il tarixə olan məlumata görə, ölkə üzrə 81 neft-qaz yatağı mövcuddur ki, bunun da 28-i dənizdə, 53-ü quruda yerləşir. 81 yataqdan 57-sində (18-i dəniz, 39-u quru) istismar işləri aparılır. 9 yataq fəaliyyətsiz (3-ü dəniz, 6-ı quru) fondda, 9 yataq (6-ı dəniz 3-ü quru) kəşfiyyatdadır. 6 yataq isə (1-i dəniz, 5-i quru) konservasiya olunub. Düzdür, müasir dövrümüzdə zəngin karbohidrogen yataqları Xəzər dənizində yerəşsə də, qurudakı yataqlar hələ də rentabelliyini qorumaqdadır.

Müxtəlif morfoloji və genetik xüsusiyyətli mürəkkəb qırışıqlıq sistemini özündə əks etdirən Azərbaycanın quru əraziləri özünəməxsus tektonikası, çöküntülərin böyük qalınlığı və stratiqrafik diapazonu ilə səciyyələnir. Neft-qaz yataqlarının perspektivliyinin müəyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhəmiyyəti var. Neft, qaz, asfalt və palçıq vulkanlarının yayıldıqları sahələr ilk dəfə neftli-qazlı rayonlar olaraq digər ərazi vahidlərindən ayrılıb. Q.V.Abix tərəfindən 1847-ci ildə neft yataqlarının antiklinal zonalar və qırılmalarla əlaqələri müəyyən edilib. Bu neftli-qazlı rayonlar çöküntülərin toplanma hövzələrinin müxtəlif miqyaslı obyektlərə bölünməsindən ibrət idi. 1937-ci ildə İ.M. Qubkin SSRİ-nin neft-geoloji rayonlaşdırma xəritəsində Azərbaycanın neftli-qazlı ərazilərini struktur-tektonik prinsip üzrə Abşeron, Şamaxı-Qobustan, Küryanı, Lənkəran, Acınohur, Xəzəryanı və Kiçik Qafqazın Şimal Şərq yamacı olmaqla, 7 neftli-qazlı rayona ayırmışdı. Uzun müddət öz elmi və praktiki əhəmiyyətini itirməyən bu rayonlaşdırma 1958, 1984, 1985, 1987, 2002 2008-ci illərdə qurulmuş tektonik, neft-geoloji rayonlaşdırma xəritələrində daha da dəqiqləşdirildi və bu xəritələr axtarış-kəşfiyyat işlərində böyük əhəmiyyət kəsb etdi. Azərbaycanın quru ərazisinin müasir regional tektonik quruluşunun dəqiqləşdirilməsi əsasında müəyyən edilmiş neft-geoloji rayonlaşdırma N.Y. Uspenskaya və N.N. Tauson tərəfindən təklif olunan “böyükdən kiçiyə doğru” sxemi üzrə aparılıb və respublika ərazisində “neftli-qazlı əyalət”, “neftli-qazlı subəyalət”, “neftli-qazlı vilayət” və “neftli-qazlı rayon” bölgülərinə ayrılıb. Təklif olunan iyerarxiya üzrə İndola-Kuban və Terek-Xəzər çökəklikləri birgə Böyük Qafqazqarşısı neftli-qazlı əyalət, Rion-Şərqi Qara dəniz və Kür-Cənubi Xəzər çökəklikləri isə Cənubi Qafqaz dağlararası neftli-qazlı əyalət kimi ayrılır. Bu neftli-qazlı əyalətlər daxilində müvafiq olaraq Terek-Xəzər, Kür-Cənubi Xəzər və Cənub Şərqi Qafqaz neftli-qazlı subəyalətləri vardır ki, bunların da daxilində 5 neftli-qazlı vilayət - Şimali Abşeron, Cənub-Şərqi Qafqaz, Böyük Qafqazarxası, Kiçik Qafqaz-Talışqarşısı, Arazyanı neftli-qazlı vilayətlər vardır ki, onlar da özlüyündə 8 neftli-qazlı rayona – Xızı, Şamaxı-Qobustan, Abşeron, Aşağı Kür, Kür və Qabırrı çaylararası, Gəncə, Muradxanlı və Qusar-Dəvəçi neftli-qazlı rayonlarına, eləcə də 6 mümkün neftli-qazlı rayona – Acınohur, Kürdəmir-Saatlı, Saatlı-Lənkəran, Qazax-Dəllər-Dəliməmmədli, Talışqarşısı (Cəlilabad) və Naxçıvan mümkün neftli-qazlı rayonlarına bölünür.

Struktur-tektonik prinsipə daha çox əsaslanan neft-geoloji rayonlaşdırmada Azərbaycanın quru ərazisinin müasir struktur-tektonik xüsusiyyətləri, eyni zamanda bu ərazilərdə Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin xüsusiyyətləri, onların toplandıqları şəraitlər nəzərə alınıb.

***

Ölkəmiz istər dənizdə, istərsə də quruda karbohidrogen yataqlarının sənaye əhəmiyyətli işlənilməsinin əsasını qoyub. Dünyada ilk dəfə 1846-cı ildə sənaye əhəmiyyətli neft əvvəlcə mexaniki burla üsulu ilə Bibiheybətdə, sonralar isə 1871-ci ildə digər mexaniki üsulla (ağac ştanqlar tətbiq etməklə zərbə yolu ilə) Balaxanıda qazılıb, bununla da Azərbaycanda neft sənayesinin inkişafı başlanılıb. XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilir. Sonralar 1896-cı ildə Binəqədi, 1904-cü ildə Suraxanı yatağı kəşf edilərək işlənməyə cəlb olunur. Azərbaycanın qurudakı neft ehtiyatlarının böyük əksəriyyətinin toplandığı Abşeron Neftli-Qazlı Rayonunda Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Qaraçuxur, Hövsan, Zığ, Qala, Buzovna-Maştağa, Zirə, Kürdəxanı, Binəqədi, Çaxnaqlar, Türkan, Sulutəpə, Qirməki, Masazır, Fatmayi, Bibiheybət, Lökbattan-Puta-Quşxana, Şabndağ-Şubanı-Yasamal dərəsi-Atəşgah, Qaradağ, Gözdək, Korgöz-Qızıltəpə-Şonqar yataqları vardır. Şamaxı-Qobustan Nefli-Qazlı Rayonunda Umbakı, Duvannı, Daşgil, Şərqi Hacıvəli, Aşağı Kür çökəkliyi Neftli-Qazlı rayonunda Kürovdağ, Mişovdağ, Qarabağlı, Kürsəngi, Neftçala, Kəlaməddin, Pirsaat, Bəndovan, Xıllı, Dürovdağ, Qalmaz, Qarasu, Padar, Xızı Neftli-Qazlı Rayonunda Şurabad, Bəyimdağ-Təkçay, Keşçay və s., Qusar-Dəvəçi Neftli-Qazlı Rayonunda Zarat-dəniz, Siyəzən monoklinalına aid Zağlı Zeyvə, Səadan, Cahandar-Zarat, Qaynarca, Əmirxanlı və s., Kür və Qabırrı çaylararası Neftli-Qazlı Rayonunda Acıdərə, Eldaroyuğu, Tərsdəllər, Cahandar, Zəyəm və s., Gəncə Neftli-Qazlı Rayonunda Naftalan, Tərtər, Qazanbulaq, Ziyadxan və s., Muradxanlı Neftli-Qazlı Rayonunda isə Zərdab, Muradxanlı, Cəfərli, İmişli, Mürsəl, Şıxbağı, Qarabat və s. yataq və sahələr mövcuddur. Hazırda SOCAR-ın Azneft İstehsalat Birliyi tərəfindən ölkəmizdə istismar olunan ümumilikdə 47 yataqdan 28-i quruda yerləşir. Bunlardan Umbakı, Naftalan yatağının sənaye neftli sahəsi, Tərtər, Qazanbulaq, Borsunlu və Acıdərə sahələri artıq konservasiyadadır. Bundan əlavə, quru ərazimizdəki neft-qaz yataqlarından 25-i hazırda Birgə Müəssisə və Əməliyyat Şirkətləri tərəfindən istismar olunur.

Ümumiyytələ, qurudakı yataqların əksəriyyəti Abşeron yarımadasında yerləşir. Ən çox neft çıxan yataqlar da məhz buradadır – Balaxanı və Bibiheybət yataqlarıdır ki, hələ də rentabelliyini qoruyur. Ən böyük yataq da Balaxanı-Sabunçu-Ramana yataqlar bloku hesab olunur. Bu yataqlar bir-birinə sıx yerləşdiyinə görə, hər zaman bir yataq kimi qeydə alınıb. Ancaq hazırda Balaxanı və Sabunçu yataqlarını Balaxanı Əməliyyat Şirkəti, Ramana yatağını isə Azgerneft MMC istismar edir. Yatağın Balaxanı sahəsində, hələ çox qədim zamanlarda əllə qazılmış 3-5 metr dərinliyi olan quyulardan neft çıxarılıb. Balaxanıdan indiyədək 9600-dən çox quyu (Balaxanı-Sabunçu-Ramana birlikdə təxminən 13 760 quyu) qazılıb. Çoxlaylı Balaxanı yatağının neftlilik sahəsi 17 313 hektardır. Məhsuldar laylar energetik xüsusiyyətlərinə görə elastik subasqılı, qravitasiya və həll olmuş qaz rejimləri ilə xarakterizə olunurlar. Hazırda Balaxanıda 1098 quyu fəaliyyətdədir. Balaxanı yatağında illik maksimal neft hasilatı 1901-ci ildə 8831 ton həcmində qeydə alınıb. Ümumiyyətlə ölkə üzrə neft hasilatının statistikası 1929-cu ildən hesablanıb. Həmin ildən indiyədək Balaxanı-Sabunçu yatağından təqribən 274 milyon tona yaxın, Ramana yatağından isə 65 milyon ton neft hasil olunub.

Bu gün Balaxanı yatağı işlənmənin 4-cü mərhələsində - son mərhələdədir. Bu mərhələdə artıq yataqların təbii enerjisi tükənir və qravitasiya rejimi hökm sürür. Qravitasiya rejimi ilə səciyyələnən yataqların işlənilmə intensivliyi zəif olur. Uzun illərdir istismar olunan quyuların hasilatı azalıb. Bundan sonra ağırlaşmış neftin quyu dibinə axını azaldığından və laylar təbii sementləşməyə məruz qalmadığı üçün maye ilə birlikdə quyu dibinə çoxlu miqdarda qum axını baş verir. Bu quyuların dalma nasosları ilə istismarı mümkünsüz olur. Çünki belə quyularda nasosla neft çıxarılarsa, neftlə birlikdə quyunun dibindəki digər qarışıqlar da sovrular. Bu isə nasosun işləməsinə mənfi təsir edər. Bu səbəbdən tartal üsulu daha səmərəli hesab olunur. Bu üsul təxminən, lap elə qədim dövrlərdə olduğu kimi, vedrə ilə quyudan neft çıxarılmasına oxşayır. 1980-ci illərin sonunda yatağın Balaxanı sahəsində neftin şaxt üsulu (tartal) ilə çıxarılması layihələndirilib. Lakin tikintisi müəyyən səbəblərdən davam etdirilməyib. Hazırda yataqda 22 quyu tartal (şaxta quyuları) üsulu ilə istismar olunur. Bu quyuların dərinliyi 50-170 metr intervalında dəyişir. Bu üsul çox səmərəlidir. Baxmayaraq ki, primitiv üsul sayılır – ancaq təxminən 200-250 litrlik klapanlı badyanlar (xüsusi uzunsov qab) quyuya endirilərək maye (quyu dibindəki su və digər qarışıqlarla birlikdə) yuxarı çıxarılır. Bu quyuların tarixi işlənməyə daxil olmadan (1870-ci illər) daha əvvəllərə gedib çıxır. Belə quyuların diametri müasir üsulla qazılan quyuların diametrindən böyükdür, quyuların dərinliyi az olduğuna görə quyunun dibinə qədər xüsusi kolonlar buraxılır və bu kolonlar quyunun aşınmamasına, ovulmamasına xidmət edir, quyuları dağılmağa qoymur. Yaxın keçmişə qədər yerli əhali bu quyulardan primitiv üsulla neft çıxararaq istifadə ediblər. Tartal üsulu keçmişin müasir dövrümüzə tətbiq etməklə qalıq çıxarılabilən neftin maksimum hasil olunmasına imkan verir. Balaxanı-Sabunçu-Ramana yatağından çıxarılan neft parafini demək olar ki olmadığına və kükürdün az olduğuna görə keyfiyyətlidir. Hətta Balaxanı neftindən nadir, donmayan yağ növləri də hazırlanır. Bu gün tartal üsulu ilə işləyən quyuların orta gündəlik hasilatı 3,3-3,5 ton civarındadır.

Quruda fəaliyyət gösətərən daha bir uzunömürlü, qədim yataqlardan biri də Bibiheybətdir. 1929-cu ildən indiyə kimi Bibiheybətdən qazılmış 3500-ə qədər quyudan 163 milyon tona yaxın neft çıxarılıb.

Quruda ən cavan yataq isə Şurabaddır. Azneft İB Siyəzənneft NQÇİ-nin balansında olan bu yataq inzibati ərazi cəhətdən Xızı rayonu ərazisindədir. Yatağın uzunluğu 6-7 km, eni 1,5 km-ə qədərdir. Yatağın istismarına 2000-ci ildən başlanılıb. Həmin ildə qazılan 39 saylı kəşfiyyat quyusu 865-855 metr intervalında sutkalıq 55 min m³ qaz fontanı, 100 saylı istismar quyusu isə 222-218 metr intervalında sutkalıq 10 ton neft hasilatı ilə (fontan üsulu) istismara daxil edilib. Ümumiyyətlə, həmin dövrdə ardıcıl olaraq, qazılan quyular gündəlik 10-20 ton neft hasilatı ilə istismar olunub. İşlənmənin əvvəlindən “Şurabad” yatağında cəmi 15 quyu qazılıb. Yataq üzrə maksimal hasilat 2001-ci ildə 8 quyudan 9 min ton olub.

Bu gün qurudakı neft-qaz yataqlarından istismarını başa vurmuşları da var. Ömrünü bitirən yataqlardan biri Balaxanıoyl ƏŞ-nin kontrakt ərazisində olan Kürdəxanı hesab olunur. Yataq 1941-ci ildə açılıb. Yatağın nefti yüksək qətranlı, yüksək özüllüklü, qudronludur. Yatağın neftlilik sahəsi 163 hektardır. İşlənmənin əvvəlindən yataqda 59 quyu qazılıb və bu quyulardan 197,4 milyon ton neft çıxarılıb. Hazırda bu quyuların hamısı ləğv olunub. 2010-cu ildən yatağın istismarı müvəqqəti dayandırılıb. Digər yataq, Azneft İB Ə.Əmirov adına NQÇİ-nin balansındakı Güzdək yatağıdır. Abşeron yarımadasında yerləşən yataq 1952-ci ildə istismara daxil olub və cəmi 5 quyu qazılıb ki, bu quyulardan da 99 min ton neft hasil olunub. 1994-cü ildən yataqda istismar quyuları olmadığından hasilat aparılmayıb. NQÇİ-nin balansındakı daha bir yataq – 1947-ci ildə kəşf olunan Qaraheybət yatağı da fəaliyyətsiz fonddadır. İlk vaxtlar yataqda qazılan kəşfiyyat quyularından sutkalıq 60-65 ton neft hasil olunub. 1957-ci ildə yatağın illik neft hasilatı 2467 tona çatıb. Lakin sonralar yatağın neftverimi kifayət qədər aşağı düşdüyündən istismar işləri 1993-cü ildən dayandırılıb.

Ölkəmizin quru ərazisində fəaliyyət göstərən neft və qazçıxarma idarələri, Əməliyyat Şirkətləri və Birgə Müəssisələr bu gün də karbohidrogen hasilatını davam etdirir. Bu, quru yataqlarının hələ də rentabelli olmasına dəlalət edir. Quruda SOCAR Azneft İB-nin Ə.Əmirov adına, Abşeronneft (bir hissəsi olan Pirallahı adası quru), Bibiheybətneft, Siyəzənneft və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələri eləcə də, Qaz Anbarlarının İstismarı İdarəsi neft-qaz hasilatı ilə məşğul olur. Bundan başqa, “Karasu Operating Company”, “Shirvan Operating Company”, “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Neftechala Operating Company”, “Balakhani Operating Company Ltd”, “Surakhani Oil Operating Company S.A.”, “Salyan Oil Operating Company”, “Gobustan Operating Company”, “Petro-HongKong-Pirsaat”, AzGerneft MMC kimi əməliyyat şirkətləri və birgə müəssisələr qurudakı yataqlardan neft-qaz çıxarırlar.

2021-ci ilin 6 ayında Azneft İB-nin istismar etdiyi quru yataqlarından 173,8 min tondan artıq neft, 51,6 milyon kubmetrdən çox qaz hasil olunub. Həmin dövrdə Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin balansındakı quru yataqlarından isə 122,8 min ton neft, təxminən 45,6 milyon kubmetr qaz çıxarılıb. Bir faktı qeyd edək ki, quruda yerləşən yataqlarda indiyədək qazılan quyuların statistikasını aparmaq mümkün olmayıb. Çünki taa qədim zamanlardan kustar üsulla da quyular qazılıb. Düzdür, XIX əsrin ortalarından sənaye əhəmiyyətli quyuların qazılmasına başlanılsa da, bu quyular da tarixi mənbələrdə cəmi 1-2 sahə üzrə gözəyarı hesablanıb. O səbəbdən indiyə kimi qazılmış quyular haqda müfəssəl bir rəqəm təqdim etmək çətindir. Lakin 1923-cü ildə Azneft İB formalaşdıqdan sonra 1929-cu ildən başlayaraq statistika aparılıb. 1 iyul 2021-ci il tarixə olan məlumata görə, Azneft İB-nin tabeliyində olan quru yataqlardakı fəaliyyətdə olan istismar quyu fondu 1133 ədəddir. Birgə Müəssisə və Əməliyyat Şirkətləri üzrə bu göstərici isə 3163 quyu təşkil edir.

Tarixdən də məlum olduğu kimi, ölkəmizdə hasil olunan neftdən həm məişətdə, həm hərbdə, həm də tibdə geniş istifadə olunub. Bu gün hər kəsin yaxşı tanıdığı Naftalan şəhərindəki sanatoriyalarda eyni adlı yataqdan hasil olunan neft öz müalicəvi xüsusiyyətləri ilə bütün dünyanın diqqət və maraq dairəsindədir. Naftalan yаtаğı Gəncə Neftli-Qazlı rayonunda, Goranboy rayonunun ərazisində yerləşir. 1888-ci ildən neft sənayesinin milliləşdirilməsinə qədər olan dövrdə quyuların istismarı haqqında məlumatlar ümumiyyətlə mövcud deyildi. Neftin yer səthinə təbii çıxışlarından onun müalicəvi olması hələ XIII əsrdə yerli əhalinin diqqətini cəlb edib. Burada 1868-ci ildə neft sənayeçisi, alman mühəndisi İ.Yeger quyu qazıb və Naftalan neftinin hasilatını təşkil edib. Neftin müalicəvi xüsusiyyətlərini tədqiq etdikdən sonra “Naftalan” tibbi məlhəm zavodu açır. Qərb ölkələrinə daşınan xam neft və zavodun məhsulları qısa zamanda Avropada məşhurlaşır. XİX əsrin sonlarından etibarən naftalan yağı əsasında hazırlanan məlhəmlər patentləşdirilmiş Alman məhsulları kimi Rusiyaya da ixrac olunmağa başlayır. Akademik Y.Məmmədəliyev Naftalan neftinin müalicəvi xüsusiyyətlərini tərkibindəki naften karbohidrogenləri ilə izah edib. 1929-cu ildə Naftalan sahəsində mədənin bərpasına və baxımsız qalmış müalicə neft quyularının bərpasına başlanıldı, 1930-1935-ci illərdə Naftalan sahəsində 20-dən çox quyu qazıldı. Qazma işləri nəticəsində 1942-ci ildə müalicəvi neftli horizontlardan aşağı kəsilişdə yanacaq neftli horizontlar da aşkar edildi və yanacaq neftinin hasilatına 1942-ci ildən başlandı. Lakin az hasilatlı olması həmin quyuların sənaye işlənməsi geniş təşəkkül tapmır. 1962-ci ilin sonunda o dövrdə “Azneft”-in əmri ilə bu tipli neftin hasilatı dayandırılır. Neft hasilatının dayandırılmasında məqsəd müalicə neftinin xassələrini saxlamaqla bərabər kurort zonasını genişləndirmək idi. Müalicəvi neftin rəngi qaraya çalır, parafinsizdir, əsasən yağlardan, kerosindən və liqroindən (neftin ilkin emalı məhsulu) ibarət olmaqla yüksək molekulyar çəkiyə (370-391) malikdir və aktiv neftlər sırasına daxildir. Yanacaq nefti isə az molekulyar çəkisi (299) ilə fərqlənir. Naftalan yatağının sənaye əhəmiyyətli işlənilməsinə 1950-ci ildən başlanılımış, hasilat məlumatlarının qeydiyyatı da məhz həmin ildən aparılmışdır. İndiyə kimi yataqda 94 quyu qazılaraq ümumilikdə 74.8 min ton neft hasil edilmişdir ki, bunun da 55,7 min ton Naftalanın müalicəvi, 19,1 min ton isə yanacaq neftinə aiddir. Hazırda 18 quyu fəaliyyətdədir. Hasil olunan neft həmin ərazidə fəaliyyət göstərən müalicə mərkəzlərinə satılır. Yanacaq nefti çıxarılmasa da, bu gün yataqda istismar əməliyyatları “Azneft” İB tərəfindən həyata keçirilir. Yatağın qalıq çıxarılabilən neft ehtiyatı müalicəvi neft üzrə 61,6 min ton təşkil edir.

Xalq arasında müalicədə gemniş istifadə olunan neftlərdən biri də Qala yatağında çıxır. Bu yataq Abşeron yarmadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Sahəsi 864 hektar yataq bu gün “Azneft” İB-nin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunur. Qala yatağı bir sıra tədqiqatçıların diqqətini cəlb edib. Yer səthinə qaz çıxışlarının təzahürü burada karbohidrogen yığımlarının olmasını təsdiqləyib. İlk dəfə burada aparılan kəşfiyyat işləri 1887-ci ilə təsadüf edir. Burada Sorokin və Simenoviç ilk kəşfiyyat işləri aparb, onların ardınca Şeqren (1891-ci il) və D.V.Qolubyatnikov bu işi davam etdiriblər. Qazma işlərinə 1904-cü ildə başlanılıb. 1904-1917-ci illərdə Nobel firması tərəfindən dərinliyi 64, 642861 metr olan 3 ədəd quyu, Bekendorf tərəfindən dərinliyi 51, 317, 401, 526, 535 metr olan 5 ədəd quyu, “Xəzər-Qaradəniz” cəmiyyəti tərəfindən Qala gölü sahəsində qaz çıxışları olan sahədə dərinliyi 1188 metr olan 1 ədəd quyu qazılıb və müsbət nəticələr alınıb. Bura qədər aparılan işlər kəşfiyyatın I mərhələsi olub. Kəşfiyyatın II mərhələsi 1924-cü ilə təsadüf edir. Qolubyatnikov Qala yatağını neftlilik cəhətcə Suraxanı yatağı ilə müqayisədə birinci hesab edib. Onun təklifi əsasında qaz çıxışları olan sahəyə quyuların qazılmasına başlanılır. 1932-ci ildə 20 saylı quyu 705-740 metr dərinlikdən gündəlik 400-500 ton hasilatla neft fontanı vurur. Bununla da yatağın sənaye əhəmiyyətli işlənilməsinə başlanılıb. Beləliklə, Qala yatağının neftliliyi təsdiq olunduqdan sonra yataqda istismar işlərinə start verilir. Yataq üzrə maksimum hasilat 1938-ci ildə 4439 min ton olub. İşlənmənin əvvəlindən yataqda 1517 quyu qazılıb və bu quyulardan 58,4 milyon ton neft, 9,7 milyard kubmetr qaz çıxarılıb. Qala yatağında çıxarılan neftdən hələ qədim zamanlardan məişətdə istifadə olunmuşdur. Burada 600-700 metr dərinlikdən B və C horizontundan (laylarından) çıxarılan ağ neft-kerosin məişətdə həm yanacaq kimi, həm də müalicə məqsədi ilə istifadə olunmuşdur. Sovet dövründə də köhnə quyulardan bu kerosini çıxararaq istifadə edərdilər. Qeyri-ənənəvi müalicə üsullarından geniş istifadə edən Gennadi Malaxov (XX əsrin ortaları) bir sıra misallar əsasında kerosinin təsir mexanizmini izah etməyə çalışıb: “Başqa sözlə, xalq təbabətində kerosinin müalicə məqsədi ilə istifadəsi praktikasından elə nümunələr var ki, özünün əsaslandırılmasını tələb edir. Bu, həm bilmək, həm də praktiki baxımdan maraqlıdır”. Xalq təbabətində kerosindən müalicə üçün revmatizmanın, anginanın, kəskin bronxitin, dəmrovun (qaşınma), radikulitin, osteoxondrozun hətta xərçəngin müalicəsində geniş istifadə olunub. Kerosin neftin qovulmasından alınan şəffaf neft məhsuludur və onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. Rəsmi təbabətdə vazelin yağı adlanan və tərkibi əsasən doymuş və naften karbohidrogenlərindən ibarət olan yağ da neft məhsuludur və bir çox dərmanların hazırlanmasında ondan istifadə edilir.

Göründüyü kimi, zəngin təbii sərvətlərə malik ölkəmizdə neft bütün dövrlərdə həm iqtisadiyyatda, həm məişətdə, həm də təbabətdə ən vacib amillərdən biri olub. Danılmaz faktdır ki, hər bir dövlətin siyasi qüdrətini, müdafiə qabiliyyətini, sosial-iqtisadi inkişaf tempini müəyyənləşdirən amillərdən biri, məhz onun mineral-xammal bazasıdır. Dünyada Azərbaycan kimi mineral-xammal sərvətlərilə zəngin olan ölkələr azdır və sevindirici haldır ki, ölkəmiz heç bir dövlətdən asılı olmadan güclü iqtisadiyyat yaratmağa nail olub. Bu iqtisadi dayanıqlığın əsas meyarlarından da biri məhz neftdir. Hazırda ölkəmizin təkcə quru yataqlarının geoloji neft ehtiyatı 1,9 milyard ton civarındadır. Bu isə onu deməyə əsas verir ki, neft hələ uzun illər ölkə iqtisadiyyatının davamlı inkişafına öz töhfələrini verəcək.

Vüqar Həsənov

Son xəbərlər

Orphus sistemi