Qəzənfər Məmmədov - sevinclə qarşıladığı 90 yaş

Qəzənfər Məmmədov - sevinclə qarşıladığı 90 yaş Dekabrın 14-də elmi nailiyyətləri ilə uğur qazanmış görkəmli alim, gözəl insan Qəzənfər Məmmədovun 90 yaşı tamam olur
Energetika
15 dekabr 2022 08:52
Qəzənfər Məmmədov - sevinclə qarşıladığı 90 yaş
Qəzənfər Məmmədov

Dekabrın 14-də elmi nailiyyətləri ilə uğur qazanmış görkəmli alim, gözəl insan Qəzənfər Məmmədovun 90 yaşı tamam olur.

“Report” xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi uzun illər “Neftqazelmitədqiqatlayihə” İnstitutunda çalışan qocaman neftçini ziyarət edərək yubiley yaşı münasibətilə təbrik edib.

90 yaşı olmasına baxmayaraq, bu gün də fenomenal yaddaşa malik olan Qəzənfər Məmmədov bizə maraqlı hadisələrlə zəngin həyatı haqqında danışdı.

O, 1956-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini “riyaziyyat” ixtisası üzrə bitirib. Elə həmin il də Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki “Neftqazelmitədqiqatlayihə” İnstitutu) əmək fəaliyyətinə başlayıb.

Mühəndis vəzifəsindən laboratoriya, şöbə müdiri vəzifəsinə qədər yüksələn Qəzənfər Məmmədov institutda çalışdığı ilk günlərdən öz bacarığı və biliyi ilə bir sıra elmi-tədqiqat işlərinin uğurla həyata keçirilməsində iştirak edib. İnstitutun elektromodelləşdirmə laboratoriyasında istifadəyə verilən cihaz və avadanlıqlarla tez bir zamanda dil tapıb, onların iş prinsiplərini qısa zaman ərzində dərindən öyrənib, yeraltı hidrodinamika, neft yataqlarının işlənmə layihələrinin icrasına, texnoloji sxemlərinin tərtibinə, istismar və qazma kəmərlərinin möhkəmliyinin araşdırılmasına asanlıqla tətbiq etməyi bacarıb. Gənc mütəxəssis qısa müddətdə kollektivin rəğbətini qazanıb. Dövlət Neft Şirkəti hələ 28 yaşında ona 3 otaqlı ev hədiyyə edib. Elə o vaxtdan həmin evdə yaşayan qocaman neftçi 90 illik yubileyini də onun ifadəsi ilə desək, bu bərəkətli evində qarşılayır.

1950-ci illərdə Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işlənib hazırlanmış modellər əsasında elektron hesablama texnikasının, riyazi üsulların neft sahəsində tətbiq edilməsi Azərbaycandan kənarda da yayılmışdı. Azərbaycanın neft yataqlarının işlənməsi ilə əlaqədar laylarda neft-su sərhədlərinin hərəkəti və quyuların sulaşması məsələlərinin həlli böyük maraq doğururdu. O zaman gənc tədqiqatçı Qəzənfər Məmmədov bu sahəni tanınmış alimlər Böyükağa Əzimov və Vladimir Şelkaçevin rəhbərliyi ilə araşdırmağa başladı. 1964-cü ildə müdafiə etdiyi namizədlik dissertasiyası EHM-in (elektron hesablama maşınları) və riyazi üsulların neft yataqlarının işlənmə məsələlərinə tətbiqi sahəsində ilk elmi əsər sayılırdı. Qəzənfər müəllimə 1964-cü ildə “texnika elmləri namizədi” elmi dərəcəsi, 1965-ci ildə isə “Hesablama riyaziyyatı üzrə” böyük elmi işçi adı verildi. Onun bu sahədə elmi nailiyyətləri Ukraynada, Qərbi Sibirdə neft yataqlarında, Surqutda belə uğurla tətbiq edildi. Sonradan elmi biliklərini gənclərə də aşıladı. Qəzənfər müəllimin rəhbərliyi altında 4 elmi iş müdafiə olundu.

Uzun illər “Neftqazelmitədqiqat-layihə” İnstitutunun “Neftqaz-çıxarmada texnoloji proseslərin modelləşdirilməsi” laboratori-yasına rəhbərlik edən Qəzənfər müəllim neft sənayesinə verdiyi töhfələrlə yanaşı, mütəmadi olaraq elmi və publisistik məqalələr yazıb, xarici ölkələrdə qatıldığı elmi konfranslarda ölkəmizi uğurla təmsil edib. 3 kitabın müəllifi, 5 kitabın həmmüəllifidir. Bundan başqa 2 ixtiranın, 150-yə yaxın elmi, 40-dan çox elmi-publisistik məqalənin müəllifi və həmmüəllifi olan qocaman neftçinin bu gün gözləri zəifləsə də, övladları və nəvələri vasitəsilə elmi nailiyyətlərdən xəbərdar olur. Yazıları ilə dövrü mətbuatda çıxış edir. 2004-cü ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, 2006-cı ildə Jurnalistlər Birliyinin “Fəzilət” diplomu ilə təltif edilən Qəzənfər Məmmədov Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. 2008-ci ildə Respublika Ağsaqqallar Şurasının üzvü seçilən Qəzənfər müəllim 2009-cu ildən Şura Məclisinə seçilib. Onun təltifləri arasında “Rəşadətli əməyə görə” medalı, SSRİ Neft Sənayesi Nazirliyinin, SOCAR və “Azneft” İB-nin fəxri fərmanları da var.

Elmi rəhbəri olmuş tanınmış alimlər – Vladimir Şelkaçevi, Böyükağa Əzimovu, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni, dünya şöhrətli alim Azad Mirzəcanzadəni, eləcə də tanınmış neftçi yoldaşlarını dərin hörmətlə xatırlayan 90 yaşlı Qəzənfər müəllim hər zaman neftçilərə böyük qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini qürurla vurğulayır. Ulu Öndərin dediyi kimi, “Neftimiz-bizim sərvətimizdir. Onu qorumalıyıq. Dünya bilməlidir ki, Azərbaycan qüdrətli dövlətdir. Bu gün neft–qaz sənayesində qabaqcıl texnikaların tətbiqi, müasir avadanlıqların işləməsi yeni uğurların açarıdır”, – deyir qocaman neftçi. Qəzənfər müəllim Qarabağ torpaqlarının Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilməsindən də fəxrlə danışır. Deyir ki, “44 günlük Vətən müharibəsində cənab Prezidentin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Ölkə başçımız müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunu bir daha bütün dünyaya sübut etdi!”.

Sizə Uca Tanrı həmin o nurlu zirvəni bəxş edib, Qəzənfər müəllim. 90 yaşınız mübarək!

Son xəbərlər

Orphus sistemi