“Qərbi Azəri” platformasından hasilat 15 gün müddətinə dayandırılacaq

“Qərbi Azəri” platformasından hasilat 15 gün müddətinə dayandırılacaq Bu, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağının illik iş proqramının bir hissəsi olaraq baş tutacaq
Energetika
21 Aprel , 2021 14:44
“Qərbi Azəri” platformasından hasilat 15 gün müddətinə dayandırılacaq

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Qərbi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.

Bu barədə “Report”a yatağın işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, plana əsasən “Qərbi Azəri” platformasından hasilat 2021-ci il aprel ayının 22-dən 15 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini uzun müddət davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Son xəbərlər

Orphus sistemi