Yuxarı
    Bağlamaq

    "Qərbi Abşeron" yatağında daha bir quyuda qazma işləri başlayıb

    Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir

    Bakı. 4 may. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 740 m olan 26 saylı quyuda qazma işlərinə başlayıb. "Report"un "SOCAR-AQŞ"yə istinadən verdiyi xəbərə görə, 26 saylı quyunun Qırməki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

    "Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.Yeni qazılan istismar quyusunun azimutu 320 dərəcə, inhirafı isə 204 metr təşkil edir. Əminik ki, dəyərlərinə daim sadiq qalan "SOCAR-AQŞ" həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək", - deyə məlumatda qeyd olunub.

    Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

    Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda "SOCAR-AQŞ" dayazsulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və ‘’Ümid’’ yatağının 1 saylı dərin dəniz stasionar özüllərində (DDSÖ) qazma işləri aparır. Eyni zamanda, müəssisə ‘’Bulla’’ yatağında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi