Qazaxıstan Bakı-Supsa kəməri ilə illik 3 milyon tona qədər neft nəql edə bilər

Qazaxıstan Bakı-Supsa kəməri ilə illik 3 milyon tona qədər neft nəql edə bilər Qazaxıstan Bakı-Supsa neft kəməri ilə illik 3 milyon tona qədər neft nəql etməyi planlaşdırır.
Energetika
16 Yanvar , 2024 17:59
Qazaxıstan Bakı-Supsa kəməri ilə illik 3 milyon tona qədər neft nəql edə bilər

Qazaxıstan Bakı-Supsa neft kəməri ilə illik 3 milyon tona qədər neft nəql etməyi planlaşdırır.

Bu barədə “Report” Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan tərəfi ilə bununla bağlı artıq danışıqlar aparır.

“Azərbaycan tərəfi ilə illik 3 milyon tonadək həcmdə Qazaxıstan neftinin Bakı-Supsa kəməri ilə nəqli imkanlarının nəzərdən keçirilməsi məsələsi müzakirə olunur”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, ötən il Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin nəqlini təklif edib. Bunun “Kaşaqan” yatağından çıxarılan neft olacağı ehtimal olunurdu. Mənbələrin verdiyi məlumata görə, Azərbaycan həmçinin neftin Gürcüstanın Qara dəniz limanları vasitəsilə nəqlini təklif edib.

“North Caspian” əməliyyat şirkətinin məlumatına görə, “Kaşaqan”ın çıxarıla bilən ehtiyatları təxminən 9-13 milyard barel (1-2 milyard ton) neft həcmindədir.

Xatırladaq ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.

Bakı-Supsa kəməri ilə neftin nəqli 2022-ci ilin yazında dayandırılıb. Hazırda bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur. Qazaxıstan üçün isə əsas ixrac marşrutu Novorossiysk yaxınlığındakı Rusiya dəniz terminalında başa çatan Xəzər Boru Kəməri Konsorsiumudur.

BTC Xəzər neftini Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql etmək üçün nəzərdə tutulmuş boru kəməridir. Qazaxıstan Rusiyadan yan keçməklə neft ixracını artırmağa çalışır. Ölkə bu il BTC ilə 1,5 milyon ton ixrac etməyi planlaşdırır.

2023-cü ildə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi