Yuxarı
    Bağlamaq

    Proqnoz: OPEC-in Vyana sammitində ciddi qərarın qəbulu gözlənilmir

    Report: Neft qiymətlərinin uzun müddət 35-45 dollar/barel səviyyəsində qalması proqnozlaşdırılır

    Bakı. 31 may. REPORT.AZ/ OPEC üzvü olan ölkələrin sayı təşkilatın iyunun 2-də Vyanada (Avstriya) keçiriləcək növbəti iclasında artaraq 14-ə çata bilər. "Report" xəbər verir ki, Qabon gündəlik 240 min barel neft hasilatı ilə OPEC-in 14-cü üzvü olmağa namizəddir. Ümumiyyətlə, Enerji İnformasiyaları Agentliyinin (EIA) proqnozlarına görə, OPEC ölkələrinin ümumi neft hasilatının qlobal neft hasilatındakı xüsusi çəkisinin 2024-cü ilə qədər hazırkı 41%-dən 44%-ə yüksəlməsi gözlənilir.

    Vyana iclasında OPEC-in 2012-ci ildən etibarən seçə bilmədiyi baş katibin müəyyənləşəcəyi də ehtimal edilir. Bu posta Nigeriya, Venesuelad və İndoneziyadan namizədlər irəli sürülüb. İndoneziyanın OPEC sıralarına 6 illik fasilədən sonra 2015-ci ildə yenidən geri dönməsinə baxmayaraq, bu ölkədən baş katib postuna iki namizədin olduğu bildirilir. Qeyd edək ki, hazırda OPEC-in baş katibi Liviyalıdır və 2007-ci ildən təşkilata rəhbərlik edir. "Bloomberg" agentliyindən verilən xəbərə görə, OPEC-in son, 2015-ci ilin dekabrında keçirilən və nəticəsiz qalan toplantısında Venesuela, Ekvador, İran və Əlcəzair baş katib Abdulla Səlim əl-Bədrini günahlandırıb və onun bu postu tərk etməsi ilə bağlı kampaniyaya başlayıb.

    "Rusenergy" şirkətinin partnyoru Mixail Krutixin təşkilat üçün az əhəmiyyəti olan İndoneziya kimi ölkədən iki namizdəin irəli sürülməsi OPEC-ə kimin sədrlik etməsinin önəmli olmadığını və bunun təşkilatın siyasətində dəyişiklik yarada bilməyəcəyini bildirib. Onun sözlərinə görə, dünya neft bazarına təsir edəcək ölkələr Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və İrandır. Məhz bu ölkələr qlobal neft bazarında tələb və təklifin tarazlığına təsir edə bilər. Belə ki, apreldə bu 5 ölkə gündəlik orta hesabla 19,665 mln. barel hasil edib və bu, OPEC-in 32,44 mln. barel/gün hasilatının 60,6%-nə bərabərdir. 

    "Gündəlik 669 min barel neft hasil edən Qətərin mövqeyi gündəlik 4.35 mln. barel neft hasil edən İraqdan daha güclüdür", - deyən rusiyalı ekspert bunu Qətərin hər iki istiqamətdə neft hasilatını qısa müddətdə dəyişə bilməsi, İraqın isə ancaq hasilatı artıra bilməsi imkanı ilə izah edib.

    "Report"un analitik qrupu hesab edir ki, iyunun 2-də keçiriləcək Vyana sammitində qlobal neft bazarının sabitləşməsi səbəbindən hasilatın azaldılması və ya dondurulması ilə bağlı hər hansı bir qərarın verilməsi gözlənilmir. ABŞ-da 2016-cı ilin yekunlarına əsasən gündəlik hasilatın 430 min barel azalacağı ehtimal edilir. Hazırda isə ABŞ-da gündəlik hasilat son bir həftədə 24 min barel və ya 0,27% azalaraq mayın 19-26-da 8,767 mln. barelə enib. ABŞ-da hasilatın azalması neft qiymətlərini 50 dollar/bareldən yuxarı qaldırıb. Bu isə öz növbəsində ABŞ-da şist neft hasilatçılarını yenidən neft quyularını aktivləşdirərək hasilatı artırmasına səbəb ola bilər. 

    "Vyana sammitindən heç bir önəmli qərarın çıxmaması neft qiymətlərini 45 dollar/barel səviyyəsinə düşməsinə və ABŞ şirkətlərinin hasilatı bərpa etməməsinə səbəb olacağı proqnozlaşdırılır. OPEC üzvlərinin isə onsuz da 30 mln. barel/gün kvota məhdudiyyətinə məhəl qoymayaraq 2 mln. bareldən çox artıq neft hasil etdiyi məlumdur. Hazırda İran, İraq və S.Ərəbistanının hasilatı artırması planlarının olduğu bilinir. Bu səbəbdən neft qiymətlərinin 35-45 dollar/barel səviyyəsində uzun müddət qalması proqnozlaşdırılır", - deyə Agentliyin analitikləri qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi