“Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.
“Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”, - o qeyd edib.