Prezident İlham Əliyev: "Gürcüstan vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur"

Prezident İlham Əliyev: "Gürcüstan vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur" “Son 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq"
Energetika
29 Yanvar , 2018 19:37
Prezident İlham Əliyev: Gürcüstan vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur

Bakı. 29 yanvar. REPORT.AZ/ “Son 14 il ərzində Azərbaycanda 30 elektrik stansiyası tikilib. Bu müddət ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı qeyd edib ki, beləliklə, əgər 2004-cü ildə elektrik enerjisi idxal edilirdisə və buna görə valyuta ödənilirdisə, hazırda nəinki Azərbaycan tam şəkildə təmin edilir, eyni zamanda elektrik enerjisi ixrac etməyə başlanılıb: “Bu məqsədlə, əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur”.

Ölkə rəhbəri vurğulayıb ki, energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir: “Ona görə biz, ilk növbədə, bu məsələlərlə məşğul olmağa başlamışıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu elektrik stansiyalarının mövcud olması ilə sıx bağlıdır. Biz indi sənaye istehsalımızı, iqtisadi gücümüzü artırırıq. Yeni müəssisələr, yeni yaşayış kompleksləri yaradılır, əhali artır. Biz bunların hamısını nəyin hesabına enerji ilə qidalandıra bilərdik?! Ona görə, ilk növbədə, bu məsələ həll olundu. Növbəti illərdə əminəm ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə istifadə etməliyik və bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı addımlar atılacaq”.