Prezident İlham Əliyev: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır"

Prezident İlham Əliyev: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır" "SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar sərmayə qoymağa başlamışdır"
Energetika
17 Mart , 2015 18:48
Prezident İlham Əliyev: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili martın 17-də Türkiyənin Qars şəhərində Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin rəsmi açılış mərasimində iştirak ediblər. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olduğunu, son illərdə Türkiyə-Azərbaycan birliyinin daha da möhkəmlənməsi üçün böyük səylər göstərildiyini deyib. Dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyənin daim bir-birini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Türkiyənin ev sahibliyi edəcəyi “G-20” toplantısına Azərbaycanı da dəvət etməsini yüksək qiymətləndirib. Dövlət başçısı bu gün Qarsda TANAP layihəsinin təməlinin qoyulduğunu xatırladıb, enerji sahəsində Türkiyə, Azərbaycan, Gürcüstan birliyinin artıq tam yeni bir mənzərə yaratdığını deyib: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır''.

Dövlət başçısı Azərbaycanın Türkiyəyə sərmayə qoymağa başladığını vurğulayıb: ''SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır, 5 lisey və məktəb tikilmişdir - Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada. Bu, təhsil sektoruna, yəni bizim gələcəyimizə qoyulan sərmayədir''.

Prezident İlham Əliyev Qarsda yeni açılan məktəbin yetişdirəcəyi peşə sahiblərinin Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcəyini deyib. O, Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi gördüyünü, bu gün görülən işlərin, xüsusilə də TANAP layihəsinin Qars üçün yeni imkanlar açacağına əmin olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Qarabağda soyqırıma məruz qalan azərbaycanlıların ağrı-acısını daim qəlblərində hiss etdiklərini, Türkiyə və Azərbaycanın hər zaman bir yerdə olacağını vurğulayıb, TANAP layihəsinin Türkiyə, Azərbaycan, Gürcüstan və Avropa ölkələri üçün xeyirli olmasını arzu etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi