Yuxarı

Prezident: “Bu gün Heydər Əliyev adına neft emalı zavodunun əsaslı modernləşdirilməsinin birinci günüdür”

“Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası yaradılacaq”

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Neftçilərin peşə bayramı ərəfəsində gözəl bir hadisə baş verir, bitum qurğusunun təməlini qoyuruq. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinə bu gün start verilir. Gələcəkdə görüləcək işlər, əlbəttə, ona gətirib çıxaracaq ki, bu zavod dünya səviyyəli bir zavoda çevriləcək. Bu zavodun böyük tarixi var. Ancaq həyat yerində durmur, yeni texnologiyalar tətbiq olunmalıdır və bu neftayırma zavodu dünyanın ən yüksək standartlarına cavab verməlidir. Bu zavodun yenidən qurulması təqribən 2-3 il çəkəcək. Ondan sonra ən yüksək səviyyəli yanacaq istehsal olunacaq – dizel yanacağı, benzin, aerokerosin. Burada ən yüksək ekoloji standartlar təmin ediləcək, neftayıranların iş şəraiti yaxşılaşacaq. Ölkəmizin inkişafı üçün bu zavodun xüsusi əhəmiyyəti var”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimindəki çıxışında deyib.

“Hazırda bizdə yanacağın mütləq əksəriyyəti demək olar ki, bu zavodda istehsal olunur. Bu, bizim inkişafımız, təhlükəsizliyimiz üçün çox böyük məna daşıyan bir müəssisədir. Çünki bizim böyük neft ehtiyatlarımız var və neft sənayesinin bütün zənciri Azərbaycanda mövcuddur - hasilat, daşıma, emal, satış, ixrac, həm neft məhsulları, həm xam neft. İndi son vaxtlar qaz ixracı ilə məşğul olmağa başlamışıq. Orada da çox böyük potensial var. Yəni, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq. Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıb.

İndi “Ağ şəhər” bulvarı gəlib neft emalı zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək və beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası da yaradılacaq.

Yəni, bu işlər bir-biri ilə bağlıdır - ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi. Bu işlərin bir məqsədi var – Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi. Ona görə, bu gün - Neftçilər günü ərəfəsində gəldim ki, sizinlə bərabər bu təməlqoyma mərasimində iştirak edim. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Heydər Əliyev adına neft emalı zavodunun əsaslı modernləşdirilməsinin birinci günüdür. Sizi təbrik edirəm və bütün Azərbaycan neftçilərinə uğurlar, cansağlığı arzulayıram. Sağ olun”, - dövlət başçısı çıxışında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi