“Azərbaycan xam neftinin emal üçün Tacikistana tədarükü ölkənin sənayeləşməsini sürətləndirəcək”.
Bunu “Report”a açıqlamasında tacikistanlı politoloq, “İpək Yolu - Konsolidasiya Yolu” Milli Fondunun sədri Abduqani Mamadazimov deyib.
Politoloqun sözlərinə görə, iki qardaş ölkənin - Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında neft tədarükünə dair saziş Tacikistan üçün əlamətdar hadisədir.
“Yaxın gələcəkdə Danqara Azad İqtisadi Zonasında yerləşən iri neft emalı zavoduna Azərbaycan xam neftinin tədarükü ölkənin milli strategiyasının dörd prioritetindən ikisinin eyni vaxtda təmin edilməsinə kömək edəcək: enerji müstəqilliyinə nail olunmasına və suveren Tacikistanın sənayeləşməsinin sürətləndirilməsinə”, - o vurğulayıb.
A.Mamadazimov qeyd edib ki, bu neft emalı zavodunun işə salınması həm nəqliyyat sektorunun, həm də bütövlükdə sənayenin yanacaq-sürtkü materialları ilə fasiləsiz təchizatını xeyli yaxşılaşdıracaq: “Bu, hələ də neft emalı sənayesinə malik olmayan Tacikistan üçün çox vacibdir”.
Onun fikrincə, bu qərar ölkələr arasında yeni birgə layihələr üçün başlanğıc ola bilər.