Politoloq: “Azərbaycan yaxın onilliklərdə də Aİ-yə əhəmiyyətli dərəcədə resurs tədarük edə bilər”

Energetika
  • 25 iyul, 2023
  • 12:58
Politoloq: “Azərbaycan yaxın onilliklərdə də Aİ-yə əhəmiyyətli dərəcədə resurs tədarük edə bilər”

Avropa İttifaqının (Aİ) Azərbaycanın qadir olduğu və yaxın bir neçə onillikdə təmin edəcəyi əhəmiyyətli enerji resurslarına ehtiyacı var.

Bunu "Report"a açıqlamasında rumıniyalı politoloq Mixay İsak deyib.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan dəfələrlə özünü etibarlı tərəfdaş kimi göstərib.

"Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Qara dəniz vasitəsilə elektrik enerjisinin çatdırılması üzrə sualtı kabel layihəsi mövcud geosiyasi vəziyyətə baxmayaraq, Aİ-nin enerjidən səmərəli istifadə etmək istəklərinə tam uyğundur. Bu layihə yaxın bir neçə onillikdə enerji resurslarına çıxışı təmin etmək üçün Avropa İttifaqının daha böyük səylərinin bir hissəsidir”, - M. İsak bildirib.

O vurğulayıb ki, eyni zamanda, Rumıniya üçün digər layihələr, o cümlədən Qara dənizdə təbii qaz hasilatı ilə birlikdə belə tərəfdaşlıq gələcəkdə enerji siyasətinin təməl daşına çevriləcək: “Bir zamanlar Ermənistanın işğalı altında olan Qarabağ və digər ərazilər azad edildikdən sonra Qafqaz regionu daha təhlükəsiz olub. Bu, Aİ və Azərbaycana öz iqtisadi gələcəklərini təmin etmək imkanı verir. Bakı sübut edib ki, bu sazişin həyata keçirilməsi üçün təhlükəsizlik təminatlarını həyata keçirmək iqtidarındadır”.

Ekspertin sözlərinə görə, Rumıniya, Bolqarıstan və Macarıstan Aİ-nin qalan hissəsi, Ukrayna və Qərbi Balkan ölkələri üçün enerji təchizatı mərkəzlərinə çevrilməyə çalışır: “Buna görə də onların bu layihədə əməkdaşlıq etməsi onun böyük əhəmiyyətinin sübutudur. Ümid edək ki, siyasi ambisiyalar bir kənara qoyulacaq və bütün tərəflər bu layihənin həyata keçirilməsinə tam dəstək göstərəcək”.

Bu gün Buxarestdə Xəzər regionundan Avropaya “yaşıl enerji”nin ötürülməsini nəzərdə tutan layihənin həyata keçirilməsi üçün dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.