Petr Binhak: “Çexiya Azərbaycanı qaz təchizatı mənbələrinin şaxələndirilməsində mühüm həlqə hesab edir” - MÜSAHİBƏ
- 30 may, 2025
- 12:53
Avropanın enerji strategiyasında xüsusi yer tutan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın şaxələndirilməsində mühüm tərəfdaş rolunu oynayır. Çexiya "yaşıl keçid" və davamlı inkişaf çərçivəsində Avropa İttifaqının (Aİ) ümumi məqsədlərini dəstəkləyərək, Bakı ilə ənənəvi karbohidrogen tədarükü, bərpa olunan enerji, enerji səmərəliliyi və dekarbonizasiya sahəsində birgə təşəbbüsləri əhatə edən ikitərəfli əməkdaşlığı gücləndirməyə çalışır.
Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji bölməsi üzrə baş direktorunun müavini Petr Binhak “Report”a müsahibəsində Praqanın Azərbaycanla enerji dialoqunda prioritetləri, "yaşıl texnologiya"lara investisiya perspektivləri, həmçinin Cənub Qaz Dəhlizinin regional sabitlik üçün əhəmiyyəti barədə danışıb.
Müsahibəni oxuculara təqdim edirik:
- Azərbaycan ənənəvi olaraq neft və qazın mühüm ixracatçısı olaraq qalır. Çexiya qalıq yanacaq sahəsində gələcək əməkdaşlığı necə təsəvvür edir? Azərbaycanın enerji resurslarının idxalının artırılmasına maraq nə dərəcədə böyükdür?
- Azərbaycan uzun illərdir Çexiyaya neftin etibarlı və önəmli tədarükçüsüdür və biz qarşılıqlı etimada və strateji maraqlara əsaslanan bu davamlı tərəfdaşlığı yüksək qiymətləndiririk. Çexiya enerji təhlükəsizliyimiz üçün vacib olan bu əməkdaşlığı davam etdirməyə sadiqdir.
Ötən illərdə Çexiyanın “MERO” neft kəməri operatoru ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Dostluq" neft kəmərindən yan keçməklə alternativ neft nəqli marşrutları ilə bağlı danışıqlar aparılıb. Bu variantlar xüsusilə tədarükün şaxələndirilməsinin zəruriliyini nəzərə alaraq bu gün də aktualdır.
Çexiya daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə doğru qətiyyətlə irəliləsə də, qalıq yanacaq, o cümlədən də neft növbəti onilliklərdə əhəmiyyətini qoruyub saxlayacaq. Bu baxımdan Azərbaycandan enerji daşıyıcılarının idxalının təmin edilməsi və artırılmasına maraq qalmaqdadır. Bununla belə, alternativ təchizat marşrutlarının həyata keçirilməsi geosiyasi şəraitdən və tranzit marşrutların keçdiyi region ölkələrinin sabitliyindən asılıdır.
- Çexiya Azərbaycanda bərpa olunan enerjinin inkişaf potensialını necə qiymətləndirir? Çexiya şirkətləri hansı sahələrdə iştirak edə bilər - layihələndirmə, mühəndislik yoxsa avadanlıq tədarükü?
- Azərbaycanın qalıq yanacaqlardan asılılığı azaltmaq və enerji balansını şaxələndirmək üçün göstərdiyi fəal səyləri nəzərə alaraq, bu ölkəni bərpa olunan enerji sahəsində perspektivli tərəfdaş kimi qiymətləndiririk. Günəş, külək və su enerjisinin inkişafı üçün əlverişli təbii şərait, həmçinin hökumətin 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq istəyi Çexiyada müsbət qiymətləndirilir.
Çexiya şirkətləri layihələndirmə, mühəndislik, ixtisaslaşdırılmış avadanlıqların tədarükü sahələrində böyük təcrübəyə malikdir. Azərbaycanın normativ-hüquqi bazasının təkmilləşdirilməsi və xarici investisiyalara açıqlığı onu Çexiyanın bazar iştirakçıları üçün daha da cəlbedici edir.
- Çexiya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə qiymətləndirir? Uzunmüddətli müqavilələr və ya yeni tədarük mexanizmləri nəzərdən keçirilirmi?
- Çexiya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm və strateji tərəfdaş hesab edir və biz bunu bu il Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən görüşdə təsdiqlədik. Hazırda Çexiya qazı əsasən Şimal dənizindəki LNG terminalları və Norveçdən keçən boru kəmərləri vasitəsilə alsa da, biz Azərbaycanı təchizat mənbələrinin və marşrutlarının daha da şaxələndirilməsində mühüm həlqə hesab edirik.
Bu şaxələndirilmə Aİ-nin enerji sisteminin dayanıqlığının artırılması üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Aydındır ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hasilat və infrastrukturun inkişafı sahəsində irimiqyaslı layihələrin həyata keçirilməsi uzunmüddətli proqnozlaşdırma tələb edir - məhz buna görə də biz gələcəkdə təchizatın sabitliyini təmin edəcək müqavilələrin müzakirəsinə açığıq.
- Çexiya Azərbaycanla Ümumavropa "yaşıl keçid"i çərçivəsində nə dərəcədə fəal əməkdaşlıq edir? Karbon izinin azaldılmasına və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə yönəlmiş konkret təşəbbüslər varmı?
- Çexiya Avropada "yaşıl keçid"in təşviqində Azərbaycanla fəal şəkildə əməkdaşlıq edir və bu əməkdaşlıq bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və "yaşıl texnologiyalar"ı əhatə edən bir neçə strateji səviyyədə inkişaf edir. 2021-ci ildə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu saziş ənənəvi karbohidrogen resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrini, həm yaşayış sektorunda, həm də iri sənaye obyektlərində enerji səmərəliliyini və enerji qənaətini əhatə edir.
Saziş təcrübə mübadiləsini, birgə seminarların təşkilini və təlim proqramlarının həyata keçirilməsini, həmçinin enerji əməkdaşlığı sahəsində təşəbbüslərin əlaqələndirilməsi üçün Birgə İşçi Qrupun yaradılmasını nəzərdə tutur. Bu istiqamətlər 2024-cü ilin aprelində xarici işlər nazirləri səviyyəsində əlavə olaraq nəzərdən keçirilib və burada "yaşıl" və bərpa olunan enerji sahələrində əməkdaşlıq potensialı müzakirə edilib.
2025-ci ilin aprelində Çexiya ADA Universitetində keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda beynəlxalq konfransın təşkilatçılarından biri olub. Tədbir dövlət qurumları, ekspertlər və biznes nümayəndələri arasında təcrübə mübadiləsi üçün mühüm platforma olub. Çexiya şirkətləri enerji keçidinin dəstəklənməsi və karbon izinin azaldılması istiqamətində praktiki həllər təqdim edib. Çexiyanın keçən il Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirakı bizim iqlim məqsədlərinə və "yaşıl keçid" sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə sadiqliyimizi vurğulayır.