“Petkim” xalis mənfəətini bir ildə 48 % artırıb
- 09 noyabr, 2022
- 09:32
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Türkiyə"nin qrup şirkətlərindən olan “Petkim” bu ilin yanvar-sentyabr ayları ərzində 5,8 milyard türk lirəsi xalis mənfəət ələd edib.
“Report”un şirkətə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə 48 % çoxdur.
Bildirilir ki, şirkətin mənfəət marjalarının azaldığı dövrdə “Petkim”in dörd illik planlaşdırılmış texniki dayanıqlıqlığı həyata keçirilməsi ilə gəlirlilik qorunub saxlanılıb. Şirkətin daha əvvəlki ilin 9 aylıq dövründə 19,2 milyard lirə olan xalis satışları bu ilin analoji dövrü ərzində 109 % artaraq 40 milyard lirəyə yüksəlib.
Hesabatda deyilir ki, “Petkim” ilin birinci rübündən etibarən bütün dünyada azalan mənfəət marjasını və neft-kimya xammalı qiymətlərindəki artımı STAR Neft Emalı Zavodunun inteqrasiyası və effektiv planlaşdırma və optimallaşdırma işləri sayəsində üstünlüyə çevirib. Bu ilin üçüncü rübündə “Petkim” Məzənnə Dəyişiklikliyindən Depoziti alətinin töhfəsi ilə 2023-cü ildə baş tutacaq avrobondların geri alınmasına hazırlıq çərçivəsində öz nağd mövqeyini gücləndirib.
Bildirilir ki, bu dövrdə “Petkim”ə investisiyaların yatırılması da davam edib. Belə ki, 9 aylıq dövrdə istehsal gücünün davamlılığını təmin etmək üçün 1,7 milyard TL sərmayə qoyulub. Əvvəllər yalnız yerində istehsal və texniki xidmət işlərinə tətbiq edilən Çevik Transformasiya Modeli üçüncü rübdə “SOCAR Türkiyə” şirkətinin Neft Emalı və Neft-Kimya İş Birliyinin bütün funksiyalarında, o cümlədən inzibati vahidlərdə tətbiq edilib.
Xatırladaq ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, həm də yerli sənaye sahələrinin ən mühüm xammal tədarükçülərindən biridir. 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət kompleks ildə 3,6 milyon tonluq istehsal gücünə malikdir. İstehsal portfelində 60-dək neft-kimya məhsulu olan “Petkim” plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr, kosmetika kimi sahələri xammal ilə təmin edir. Şirkətin hədəfi yüksək keyfiyyətli neft-kimya məhsulları ilə ölkə iqtisadiyyatını daha da gücləndirmək, təkcə daxildə deyil, beynəlxalq bazarlarda da etibarlı, məsuliyyətli tədarükçü və tərəfdaş kimi lider bir markaya sahib olmaqdır.