“Petkim” STAR-da pay alışını təxirə salıb
- 28 dekabr, 2021
- 05:48
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim” şirkətin İzmirin Əliağa qəsəbəsindəki digər yatırımı olan STAR neft emalı zavodunun 18 % payının alınması üçün səhmlərin ödənişi və transferini gələn ilin sonuna qədər təxirə salıb
“Report” xəbər vgirir ki, bu barədə Türkiyə Kamuyu Aydınlatma Platformasında (KAP – İctimaiyyəti Məlumatlandırma Platforması) məlumat dərc edib.
Bildirilir ki, şirkət pay alınmasını 3 yanvar 2022-ci il tarixindən 31 dekabr tarixinə qədər təxirə salıb. Buna səbəb kimi neft-kimya sektorundakı qeyri-müəyyənliklər və şirkətin borcunu azaltmaq istəyi göstərilib.
Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.
2018-ci il oktyabrın 19-da İzmir şəhərində “SOCAR Turkiye Aegean Refinery” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Müəssisə “Urals”, “Azeri Light” və "Kirkuk" kimi neft çeşidlərini emal edir. Zavod 1,6 milyon ton nafta, 4,8 milyon ton dizel, həmçinin aviasiya yanacağı, LPG, neft koksu, qarışıq ksilol istehsal etmək imkanına malikdir. STAR neft emalı zavodunun əvvəlki istehsal həcmi illik 10 milyon tondan bu il 11 milyon tona çatdırılıb.