“Petkim”in Baş direktoru: “STAR-dan alınan yüksək keyfiyyətli xammalla istehsal artır” - MÜSAHİBƏ

“Petkim”in Baş direktoru: “STAR-dan alınan yüksək keyfiyyətli xammalla istehsal artır” - MÜSAHİBƏ “Petkim” hazırda Türkiyənin yeganə neft-kimya kompleksidir. “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. Petkimin qalan səhmləri isə İstanbul Fond Birjasında (Borsa İstanbul) dövriyyədədir.
Energetika
3 İyun , 2019 14:08
“Petkim”in Baş direktoru: “STAR-dan alınan yüksək keyfiyyətli xammalla istehsal artır” - MÜSAHİBƏ
Report

“Petkim” hazırda Türkiyənin yeganə neft-kimya kompleksidir. “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

“Petkim Holding”in Baş direktoru Anar Məmmədovun əldə olunan nailiyyətlər, gələcək planlar barədə “Report” İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik:

“Petkim” I rübü uğurla yekunlaşdırıb. Bu, maliyyə göstəricilərində də əksini tapıb. Bu uğurları nə ilə əlaqələndirirsiniz? Bu il üçün hansı hədəfləriniz var?

- Biz bu ilin I rübündə 142 mln. Türkiyə lirəsi xalis mənfəət əldə etmişik. Bu, çox gözəl nəticədir. Dünya bazarında neqativ şərtlərə baxmayaraq, bu nəticəni əldə edə bilmişik. Düşünürəm ki, bu da son illərdə həyata keçirdiyimiz optimallaşdırma işlərinin birbaşa nəticəsidir. İctimaiyyətə açıq şirkət olduğumuz üçün hədəflərimizi hələlik açıqlamırıq, amma ümumi olaraq deyə bilərəm ki, bu il də 2018-ci ilin nəticələrinə yaxın nəticə gözləyirik.

STAR zavodunun fəaliyyətə başlamasından sonra “Petkim”in əsas xammalı bu zavoddan təmin olunur. STAR-la inteqrasiya şəklində çalışmaqla “Petkim” nə qədər vəsaitə qənaət edib?

- Hələlik işlər davam edir. Hazırkı mərhələdə bunu demək bir az çətindir. Artıq STAR zavodundan nafta almağa başlamışıq. Bu günə qədər STAR-dan 100 min tona yaxın nafta almışıq. Təkcə qənaət deyil, naftanın keyfiyyətinin də bizim üçün çox uyğun olduğu qeyd edilməlidir. Hələ STAR zavodunun layihələndirmə mərhələsində xüsusilə “Petkim”in ehtiyaclarını qarşılayacaq şəkildə ən effektiv nafta olması nəzərdə tutulmuşdu. STAR-ın faydası sadəcə logistika baxımından qənaətdə deyil, naftanın çox yüksək keyfiyyətinə görə istehsalımızda artım olmasında da özünü göstərir.

- Bu il STAR-dan “Petkim”ə hansı həcmdə məhsul tədarükü planlaşdırılır?

- STAR tam gücdə istehsala başladıqdan sonra ildə 1,6 mln. ton nafta alınması nəzərdə tutulur. Bu il üçün “Petkim”ə 800-900 min ton nafta alışı gözlənilir.

- “Petkim”i 1,6 mln. ton nafta xammal ilə tam təmin edəcəkmi?

- Bəli, təmin edəcək. Bundan başqa, bizim aromatiklər istehsal zəncirimiz də var. Onun üçün xammal olan reformat məhsulu da STAR-dan təmin olunacaq. Nafta və reformatla birgə ümumilikdə 1,9 mln. ton xam maddə STAR-dan tədarük ediləcək.

“Petkim” 2018-ci ildə 500 mln. dollar məbləğində ilk avrobond emissiyasını həyata keçirdi. Hazırda yeni avrobond emissiyası planlaşdırılırmı?

- Biz o zaman STAR-da pay almaq üçün bu emissiyanı həyata keçirmişdik. Bu gün əlavə avrobond yerləşdirməyə ehtiyacımız yoxdur.

- “Petkim”in STAR-da dolayı yolla 18% paya sahib olması ilə bağlı prosedur yekunlaşıbmı?

- Hazırda bu prosedur davam edir. Bu ilin sonuna və ya gələn ilin I rübündə prosedur tamamlanacaq. Ödənişlərin böyük hissəsi artıq həyata keçirilib.

- “Petkim” SOCAR-ın idarəçiliyinə keçdikdən sonra hər il müəyyən məbləğdə sərmayə yatırılır. Özəlləşmədən sonra “Petkim”ə hansı məbləğdə sərmayə qoyulub? Bu il üçün investisiya planı hansı məbləğdədir?

- 2008-ci ildən indiyədək “Petkim”ə 800 mln. dollara yaxın investisiya qoyulub. 2018-ci ildə “Petkim”də 4 ildən bir həyata keçirilən texniki xidmət işləri görüldü. Bundan sonra böyük məbləğdə investisiyaya ehtiyacımız olmur. Bu il “Petkim”ə təxminən 50 mln. dollar investisiya yatırmağı planlaşdırırıq.

- Hazırda “Petkim”in bazar dəyəri nə qədər qiymətləndirilir?

- Bu göstərici dəyişir. Bazar dəyərinin 1,5 mlrd. dollardan 3 mlrd. dollara qədər dəyişdiyini gördük. Bu, daha çox bazar şərtlərinə bağlıdır. Hazırda neft-kimya bazarında vəziyyət yaxşı deyil. Bu da dolayı olaraq bizə təsir edir.

- “Petkim” Türkiyənin neft-kimya məhsullarına tələbatının neçə faizini ödəyir? İstehsal edilmiş məhsulların hansı həcmi daxili bazara yönəldilir?

- Bu rəqəm dəyişir. Amma təxmini deyə bilərik ki, “Petkim” bazarın 20%-ni təmin edir. Bizim əsas öncəliyimiz Türkiyə bazarıdır. Hazırda istehsal olunan məhsulun 60%-ni Türkiyə bazarına satırıq, 40%-i isə ixrac edilir.

- Yeni neft-kimya kompleksinin inşası ilə bağlı hazırda hansı işlər görülür? Tender proseduru yekunlaşıbmı?

- Hazırda texniki işlər davam edir. 2020-ci ilin I rübündə bütün texniki işlər yekunlaşacaq və investisiya qərarı vermək imkanı olacaq.

- Yeni neft-kimya kompleksinin işə düşməsi ilə Türkiyənin neft-kimya bazarının neçə faizini təmin edəcəksiniz?

- Yeni kompleksin həyata keçirilməsi 5 ilə davam edəcək. Türkiyə bazarı da eyni nöqtədə dayanmır, bazar böyüyür. Amma biz düşünürük ki, “Petkim”lə yeni müəssisənin istehsalı Türkiyə bazarının ehtiyaclarının 30-35%-ni qarşılayacaq.

Ötən ildən “Petkim”də rəqəmsallaşma ilə bağlı investisiyalara başlanılıb. Bu istiqamətə hansı həcmdə vəsait yönəldilməsi planlaşdırılır? Rəqəmsallaşma ilə bağlı “Petkim”in hədəfləri nələrdir? Hansı faydaların əldə olunacağı hesablanır?

- Bizim hədəfimiz qısa şəkildə desək, Türkiyənin ən aparıcı rəqəmsal şirkəti olmaqdır. Bu istiqamətdə çox böyük işlər görmüşük. Rəqəmsallaşma dəbdə olan sözdür. Hamı rəqəmsallaşmadan danışır, amma bunu həyata keçirən şirkətlər çox azdır. Sadəcə Türkiyədə deyil, bütün dünyada belədir. Bizim 40-a yaxın rəqəmsal layihəmiz var. Bu layihələrin böyük qismi artıq həyata keçib. Bunun istehsalatda da, məhsulun keyfiyyətində də ciddi təsirini gördük. Biz düşünürük ki, bu templə davam etsək, həqiqətən də hədəfimizə çatacağıq. Bunun üçün böyük vaxta ehtiyac yoxdur. Planlarımızın böyük hissəsini 2020-ci ildə yekunlaşdırmağı planlaşdırırıq. Rəqəmsallaşma dayanmayan bir prosesdir. Dünyada hər il yeni texnologiyalar yaranır. Bu proses bitməyəcək. Rəqəmsallaşmanın özəlliyi odur ki, bu tip layihələrə böyük investisiyaya ehtiyac olmur.

- Əliağa yarımadasında Külək Elektrik Stansiyası layihəsi də həyata keçirilir. Tam gücü ilə işə düşübmü, satışlar həyata keçirilirmi?

- Satışlar həyata keçirilir. Külək Elektrik Stansiyası 51 meqavat gücündədir. Hazırda 25 meqavat istehsal edərək şəbəkəyə satırıq. Qısa zamanda ikinci 25 meqavat üçün lisenziya almağı gözləyirik. Bundan sonra Külək Elektrik Stansiyası tam gücü ilə işləməyə başlayacaq. Külək Elektrik Stansiyası dövlət tərəfindən göstərilən dəstəyə görə daha ucuzdur, həm də ətraf mühitə zərəri yoxdur.

Bu il üçün istehsal planınız nə qədərdir?

-“Petkim”in illik istehsal həcmi 2 mln. ton təşkil edir. Bu il də istehsal ona yaxın rəqəm olacaq.

Son xəbərlər

Orphus sistemi