“Petkim” ilin I yarısında xalis mənfəətini 93 % artırıb

Energetika
  • 12 avqust, 2022
  • 06:11
“Petkim” ilin I yarısında xalis mənfəətini 93 % artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” şirkətinin bu ilin birinci yarısında xalis mənfəəti 4,3 milyard lirə təşkil edib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin birinci yarısının göstəriciləri ilə müqayisədə 93 % çoxdur.

“Petkim”in açıqlamasında bildirilir ki, məhsulun gəlirliliyinin azalmasına və müəssisənin fəaliyyətinin planlaşdırılan dayandırılmalara baxmayaraq, bu uğur çevik idarəetmə yanaşması, effektiv marketinq strategiyası, istifadə edilən maliyyələşdirmə üsulları və məzənnənin təsiri sayəsində əldə edilib.

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey”in qrup şirkətlərindən olan “Petkim” ilin birinci yarısında Məzənnə Riskindən Əmanətlərin Sığortalanması Sistemindən (Kur Korumalı Mevduat Sistemi) səmərəli istifadə edərək məzənnə artımına reaksiya verərək risklərini minimuma endirməyi bacarıb.

Açıqlamada qeyd edilir ki, effektiv marketinq strategiyası və geniş məhsul çeşidi sayəsində həm kommersiya məhsullarının satışında, həm də istehsaldan satışa uğurlu idarəetmənin nümayiş olunduğu, qlobal bazarlarda məhsulun gəlirliliyindəki enişi şirkətin gəlirliliyində ümumi nəticəyə təsir etməyib.

Həmçinin məlumatda vurğulanıb ki, STAR neft emalı zavodu ilə fasiləsiz inteqrasiya olunmuş istehsalını davam etdirən “Petkim” daxili bazarın tələblərini fasiləsiz qarşılayıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə “SOCAR Turkey” törəməsini təsis edib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.

Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında ticarət olunur.

44 - Tezliklə