Yuxarı

"Petkim" ətraf mühitin qorunmasına son 13 ildə 210 mln. dollar yatırıb

Petkim bütün proseslərdə ən qabaqcıl ətraf mühiti qoruma standartlarını tətbiq edir

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyənin ilk və yeganə yerli neft-kimya istehsalçısı olan "Petkim" son 13 ildə ətraf mühitin qorunmasına 210 mln. dollar dəyərində əlavə investisiya yatırıb. "Report" bu barədə "Petkim Holding"ə istinadən xəbər verir.

Qeyd olunub ki, "Petkim" bütün proseslərində, dünyanın qəbul etdiyi ən qabaqcıl ətraf mühiti qoruma standartlarını tətbiq edir: "Petkim" bu günə qədər dövlət və özəl sektordan, qeyri-hökumət təşkilatlarından, təhsil qurumlarından verilən yüzlərlə mükafatın sahibi olub. "Petkim" İstanbul Sənaye Palatasının "Ən Böyük İlk 500 Sənaye Quruluşu" sıralamasında 16-cı yeri tutur. Eyni zamanda, Türkiyə İxracatçılar Məclisi, Ege İxracatçı Birlikləri, Ege Bölgəsi Sənaye Palatası, İctimai Təhlükəsizlik Təşkilatı, Gəlir İdarəsi Başkanlığı kimi təşkilatlardan hər il istehsal, gəlir, ixrac, məşğulluq, Ar-Ge işləri, vergi, sığorta mükafatı kimi kateqoriyalarda bir çox mükafat alıb. "Petkim" 2016-ci ilin yanvarında Sənayedə Enerji Məhsuldarlığı Layihə Yarışmasında 8 enerji məhsuldarlığı layihəsi ilə SAVAB-3 kateqoriyasında ikinci dəfə birincilik mükafatına layiq görülüb".

Bildirilir ki, "Petkim"in hədəfi, ümumilikdə 51 MVt gücə sahib olan Petkim Külək Enerji Stansiyasını istismara verməklə elektrik istehsalında 20% artım əldə etmək və eyni zamanda alternativ enerji qaynaqlarını qiymətləndirərək müxtəlifliliyi əldə etməkdir: "Ayrıca davamlı enerji qaynaqlarına üstünlük verən "Petkim," zavodlarda enerji məhsuldarlığının təmin olunması istiqamətində bir çox layihə icra edir".

Qeyd edək ki, "Petkim Holding" 1951-ci ildə 250 mln. TL sərmayə ilə qurulub. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili, bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

"Petkim" Türkiyənin ilk və yeganə yerli neft-kimya məhsul istehsalçısı olaraq, daxili bazarda təxminən 20%-lik bazar payına malikdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi