Macarıstan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birgə mətbuat konfransında deyib.
“Ukraynadakı müharibə göstərib ki, Macarıstanla Azərbaycan arasında əməkdaşlıq enerji təchizatı məsələsində böyük əhəmiyyət kəsb edir. Çünki bu, müharibə nəticəsində yaranan çətinliklərin öhdəsindən gəlməyə yardım edir. İndi biz görürük ki, Macarıstanın Azərbaycanla strateji münasibətlərə başlamaq qərarı düzgün və vaxtında olub”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, bugünkü iclasın yekunu olaraq qəbul edilmiş bir neçə qərar var: “Bunlardan biri də təbii qaz və neftin nəqli məsələləri ilə bağlı dərindən işləmək planlarıdır. Enerji təchizatımızı şaxələndirməklə biz hazırkı tərəfdaşlığımızı genişləndiririk. Bizim baxışımız ondan ibarətdir ki, biz resursları cənub-şərq istiqamətində, yəni Azərbaycan kimi ölkələrdə axtarırıq”.
O əlavə edib ki, Macarıstan Azərbaycandan təbii qaz tədarükünü artırmaq niyyətindədir: “Həmçinin, Azərbaycan nefti Macarıstanın enerji sisteminin tərkib hissəsinə çevriləcək”.