Pərviz Şahbazov: “Yaşıl enerji” dəhlizi ilə 4 QVt enerji ixrac ediləcək”

Pərviz Şahbazov: “Yaşıl enerji” dəhlizi ilə 4 QVt enerji ixrac ediləcək” “Yaşıl enerji” dəhliz ilə 4 QVt elektrik enerjisinin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib.
Energetika
21 Noyabr , 2023 17:40
Pərviz Şahbazov: “Yaşıl enerji” dəhlizi ilə 4 QVt enerji ixrac ediləcək”

“Yaşıl enerji” dəhliz ilə 4 QVt elektrik enerjisinin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeştdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilmiş nazirlərin V iclasında bildirib.

Tədbirdə Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

P.Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılmasından və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzər dənizinin “yaşıl enerji” potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyib: “Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpa olunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.

Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.

İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub. Birgə Müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə 4 ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa ilə “yaşıl enerji” mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi