Energetika naziri Pərviz Şahbazov İstanbulda keçiriləcək Beynəlxalq Enerji Forumunda Azərbaycanı təmsil edəcək.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, noyabrın 22-də keçiriləcək tədbirdə müxtəlif ölkələrin energetika nazirləri, QHT-lər, beynəlxalq təşkilatlar, akademik dairələr, media və iş dünyasının aparıcı simalarının iştirakı gözlənilir.
Nazir "Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar" sessiyasında çıxış edəcək.
Spikerlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Bolqarıstanın energetika naziri Vladimir Malinov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Moldovanın energetika naziri Viktor Parlikov, Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin və Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç də var.
Forum geniş məsələlərin müzakirəsi üçün platforma olacaq. Regional və beynəlxalq gündəmlə yanaşı, enerji təhlükəsizliyi və texnoloji innovasiyalar mövzularına da toxunulacaq.