"Beynəlxalq enerji institutlarının araşdırmaları göstərir ki, təbii qaz qarşıdakı 30 il ərzində dünya enerji bazarında əhəmiyyətli paya malik olacaqdır".
“Report” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) energetika nazirlərinin 23-cü görüşündə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Azərbaycan öz enerji siyasətində bir çox tərəflərin maraqlarını nəzərə alır:
“OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər neft və qaz ümumi enerji kompleksinin 50 %-dən çoxunu təşkil edəcək. Bu baxımdan, enerjinin indiki keçidi ənənəvi enerji mənbələrini sıxışdırmaqla deyil, onlarla birlikdə mümkün görünür.
Bu kontekstdə Avropa və Asiyada enerji tələbatının ödənilməsindəki çətinliklər və neft və kömür mənzərəsinin dəyişməsi təbii qazın qiymətinin kəskin şəkildə artmasını ciddi əlamət kimi qiymətləndirilməlidir.
Enerji siyasətində qlobal tendensiyaları nəzərə alan Azərbaycan həm neft, həm də qaz layihələrində həmişə ardıcıl məqsəd güdür: daxili, regional və qlobal səviyyədə enerji təhlükəsizliyinə, sabitliyə, əməkdaşlığa və inkişafa xidmət etmək. Bu məqsədin bariz təzahürü olan nəhəng Cənub Qaz Dəhlizi ötən il dekabrın 31-də istifadəyə verilib. Layihə təkcə tarixi nailiyyət deyil, həmçinin qonşularımız və Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir".
P.Şahbazov vurğulayıb ki, Azərbaycanın böyük qaz ehtiyatlarına əsaslanan yeni təbii qaz mənbəyi artıq Avropa bazarındadır: "Bu ilin ilk on ayı ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib və bu həcmin təxminən yarısı Aİ istehlakçıları tərəfindən istifadə edilib.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr regionun və Avropanın enerji xəritəsini formalaşdırır. Əsas məqsədimiz bu prosesdə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında güclü əməkdaşlığa nail olmaqla enerji təhlükəsizliyini təmin etmək və qlobal inkişafa töhfə verməkdir".